
Dünya liderləri Dubayda keçirilən Dünya Hökumətlər Sammiti (WGS) çərçivəsində təşkil olunan sessiyada mədəniyyətin sosial birliyi gücləndirməklə, davamlı inkişafı dəstəkləməklə və millətlər arasında dialoqu təşviq etməklə bəşəriyyətin gələcəyinin formalaşmasında həlledici rol oynadığını bildiriblər.
Aktualinfo.az rəsmi WAM agentliyinə istinadən xəbər verir ki, “Mədəniyyət bəşəriyyətin gələcəyinin formalaşmasında hansı rol oynayır?” adlı sessiyada Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru Xalid əl-Ənani və BƏƏ-nin mədəniyyət naziri Şeyx Salem əl-Qasimi iştirak ediblər. Müzakirənin moderatoru CNN-dən Bekki Anderson olub.
Xalid əl-Ənani İkinci Dünya müharibəsindən sonra UNESCO-nun təsis missiyasını vurğulayaraq bildirib ki, təhsil, elm və mədəniyyət münaqişələrin qarşısını almaq və sülhü təşviq etmək üzrə təşkilatın strategiyasının mərkəzində dayanır. O əlavə edib: “Bu gün dünya təbii fəlakətlər, texnoloji transformasiyalar və nifrət ritorikasının yayılması da daxil olmaqla yeni çətinliklərlə üzləşsə də, UNESCO-nun mandatı həyati əhəmiyyət kəsb edir. Təhsil, elm və mədəniyyət insanları bir araya gətirir”. O vurğulayıb ki, UNESCO gənc nəsilləri bacarıqlar, biliklər və dəyərlərlə təmin etmək məsuliyyətini öz üzərinə götürüb. Baş direktor BMT-nin 2024-cü ildə mədəniyyətin qlobal ictimai sərvət kimi tanınmasını rəsmi olaraq təsdiqlədiyini və bunun davamlı inkişafı təmin etmək üzrə mühüm bir mərhələ olduğunu qeyd edib. Lakin o, beynəlxalq təşkilatların üzləşdiyi maliyyə məhdudiyyətlərini də diqqətə çatdırıb: “Bizim daha az resursumuz ola bilər, amma biz layihələri daha az vəsaitlə keyfiyyətli həyata keçirməyə çalışırıq. Bütün hallarda, mədəniyyət və diplomatiya anlaşma, etimad mühiti yaratmaq üçün güclü alətlər olaraq qalır”.



