AnalitikaGündəmSosial

Gənclər Günü – gəncliyin cəmiyyət qarşısındakı məsuliyyəti

Azərbaycanın müasir inkişaf mərhələsində gənclik anlayışı təkcə yaş kateqoriyası deyil, strateji bir anlayış kimi dəyərləndirilir. 2 Fevral – Azərbaycan Gəncləri Günü də məhz bu yanaşmanın təcəssümüdür. Bu tarix gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında artan rolunun rəmzi olmaqla yanaşı, dövlətin gənclərə olan inamının ifadəsidir. Azərbaycan gənclər siyasətinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Onun siyasi baxışlarında gənclər müstəqil dövlətin dayanıqlı inkişafının əsas dayağı kimi qəbul olunurdu. Məhz bu səbəbdən gənclərin təşkilatlanması, dövlət idarəçiliyində iştirakı, təhsil və elmə cəlb olunması prioritet istiqamətlərə çevrildi. 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində belə gənclərlə bağlı ardıcıl addımlar atılması gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi.

2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis olunması təsadüfi deyildi. Bu qərar Azərbaycanı regionda gənclər siyasəti sahəsində öncül ölkələrdən birinə çevirdi. Həmin vaxtdan etibarən gənclərin problemləri, ideyaları və təşəbbüsləri dövlət siyasətinin gündəliyində xüsusi yer tutmağa başladı. Gənclər artıq cəmiyyətin passiv üzvü deyil, fəal iştirakçısı kimi qəbul olunurdu. Bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi dövründə müasir tələblərə uyğun şəkildə daha da inkişaf etdirildi. Qloballaşma, rəqəmsallaşma və sürətli texnoloji dəyişikliklər fonunda gənclərin rəqabətədavamlı kadr kimi formalaşması əsas məqsədlərdən birinə çevrildi. Təhsil imkanlarının genişləndirilməsi, xaricdə təhsil proqramları, karyera və inkişaf layihələri gənclərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə reallaşmasına şərait yaratdı.

Eyni zamanda, gənclərin sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası və fəal vətəndaş mövqeyinin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətidir. Gənclər evləri, inkişaf və karyera mərkəzləri, könüllülük hərəkatı gənclərin sosiallaşmasında və liderlik bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır. Bu mexanizmlər gənclərə yalnız dəstək vermir, onları cəmiyyət üçün faydalı təşəbbüslərin müəllifinə çevirir. Azərbaycan gəncliyi son illərdə tarixi məsuliyyət daşıyan proseslərdə öz sözünü deməyi bacardı. Xüsusilə Vətən müharibəsi dövründə gənclərin nümayiş etdirdiyi birlik, fədakarlıq və qətiyyət bu nəslin hansı dəyərlər üzərində formalaşdığını göstərdi. Döyüş meydanında qəhrəmanlıq göstərən gənclərlə yanaşı, informasiya cəbhəsində fəallıq nümayiş etdirən minlərlə gənc Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Bu fakt sübut etdi ki, gənclik dövlətin ən çətin məqamlarında onun ən güclü dayağıdır.

Müasir dövrdə Azərbaycan gəncliyi yalnız hərbi və siyasi proseslərdə deyil, elm, innovasiya və texnologiya sahələrində də fəallığı ilə seçilir. Startap ekosisteminin formalaşması, süni intellekt və rəqəmsal texnologiyalara marağın artması gənclərin dünyagörüşünün genişliyindən xəbər verir. Onlar qlobal çağırışlara uyğun düşünür, eyni zamanda milli maraqları əsas götürərək fəaliyyət göstərirlər. Bu gün formalaşan gənc nəsil milli-mənəvi dəyərlərə sadiq, lakin müasir düşüncəli bir nəslin nümunəsidir. Onların fəaliyyəti və təşəbbüsləri göstərir ki, gənclər Azərbaycanın yalnız gələcək inkişaf planlarında deyil, artıq bu günündə də əsas rol oynayırlar. Dövlətin gənclərə göstərdiyi etimad isə qarşılıqlı məsuliyyət yaradır: gənclər bu etimadı əməli fəaliyyətlə doğrultmağa çalışırlar.

2 Fevral – Azərbaycan Gəncləri Günü bu baxımdan sadəcə bayram deyil. Bu tarix gəncliyin cəmiyyət qarşısındakı məsuliyyətini, dövlətin isə gənclərə olan inamını bir daha xatırladır. Güclü, savadlı və vətənpərvər gənclik isə güclü Azərbaycanın ən etibarlı təminatıdır.

Musayeva Dilarə,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button