
Vətən müharibəsi Azərbaycan xalqının tarixində qürur, şərəf və milli birliklə yazılmış ən parlaq səhifələrdən biridir. Bu tarixi Zəfərin əsas memarları isə heç şübhəsiz ki, Vətən uğrunda canını fəda etməyə hazır olan igid gənclərimiz oldu. Onlar doğma torpaqlarımızın azadlığı naminə ən çətin sınaqlardan keçərək, qorxmadan düşmən üzərinə irəlilədilər və xalqımızın illərlə gözlədiyi ədaləti bərpa etdilər.
Bu gənclər yalnız silah gücü ilə deyil, yüksək vətənpərvərlik ruhu, milli şüur və sarsılmaz iradə ilə döyüşdülər. Onların hər biri Azərbaycan xalqının ləyaqətini, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü təmsil edirdi. Döyüş meydanında göstərilən şücaət, cəsarət və fədakarlıq sübut etdi ki, Azərbaycan gəncliyi öz tarixini özü yazmağa qadirdir.
Şəhid olan gənclərimiz Vətən torpağını öz qanları ilə müqəddəsləşdirdilər, qazilərimiz isə böyük qəhrəmanlıq nümunəsi göstərərək müharibədən alnıaçıq çıxdılar. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq, adları Azərbaycanın müasir tarixində qızıl hərflərlə yazılacaqdır. Azərbaycan dövləti və xalqı bu igid övladları ilə daim fəxr edir və onlara olan minnətdarlıq heç zaman azalmayacaq.
Bu gün azad edilən torpaqlarda dalğalanan üçrəngli bayrağımız, səslənən azan və həyatın yenidən canlanması məhz həmin gənclərin qəhrəmanlığı sayəsində mümkün olmuşdur. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncə Azərbaycan xalqı sonsuz minnətdardır. Onların göstərdiyi rəşadət gələcək nəsillər üçün örnək, müstəqil və güclü Azərbaycanın isə sarsılmaz təməlidir.
Yalçın İsmayılov
YAP Ağstafa rayon təşkilatının sədr müavini



