
Gənclər hər bir dövlətin sosial-iqtisadi inkişafında, milli təhlükəsizliyinin möhkəmləndirilməsində və gələcək strateji hədəflərinin reallaşdırılmasında əsas aparıcı qüvvə hesab olunur. Azərbaycan Respublikasında gənclərin rifahının yüksəldilməsi, onların bilik və bacarıqlarının artırılması, cəmiyyətə inteqrasiyası və potensialının reallaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə ölkəmizdə gənclərə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş və ardıcıl şəkildə icra olunmaqdadır.
Azərbaycan Respublikasında gənclər siyasətinin əsas hüquqi bazasını “Gənclər siyasəti haqqında” Qanun, Prezident fərman və sərəncamları, eləcə də dövlət proqramları təşkil edir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir. Dövlət proqramları gənclərin sosial rifahının yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, təhsil, sağlamlıq, mənzil və vətəndaş cəmiyyətində fəallığının artırılmasına yönəlib.
Gənclərin hərtərəfli inkişafını təmin edən əsas sənədlərdən biri müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramlarıdır. Bu proqramlar çərçivəsində gənclərin təhsilə çıxış imkanları genişləndirilmiş, gənclər təşkilatlarının fəaliyyəti stimullaşdırılmış, regionlarda gənclər mərkəzləri yaradılmış, sağlam həyat tərzinin təşviqi və asudə vaxtın səmərəli təşkili təmin olunmuşdur. Proqramlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini, milli-mənəvi dəyərlərə bağlılığını və dövlətçilik ideyalarına sədaqətini gücləndirməyə xidmət edir.
Gənclərin rifahının əsas göstəricilərindən biri keyfiyyətli təhsilə çıxışdır. Bu sahədə həyata keçirilən xaricdə təhsil dövlət proqramları, təqaüd mexanizmləri və peşə təhsilinin inkişafına dair proqramlar gənclərin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir. Gənclərin beynəlxalq təcrübə qazanması, innovativ düşüncə tərzinin formalaşması və rəqabətqabiliyyətli kadr kimi yetişməsi bu proqramların əsas hədəflərindəndir.
Dövlət proqramları çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunması və sosial müdafiəsinin gücləndirilməsi əsas istiqamətlərdəndir. Özünüməşğulluq proqramları, startap layihələrinə dəstək, gənc sahibkarlara güzəştli kredit mexanizmləri gənclərin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması rifahın artırılmasında mühüm rol oynayır.
Gənclərin fiziki və mənəvi sağlamlığının qorunması dövlət proqramlarının prioritet istiqamətlərindəndir. Regionlarda idman infrastrukturlarının yaradılması, kütləvi idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirləri gənclərin sağlam gələcəyini təmin etməyə yönəlib. Gənclər evləri və mərkəzləri onların asudə vaxtının səmərəli təşkilinə, yaradıcılıq və sosial bacarıqlarının inkişafına şərait yaradır.
Dövlət proqramları gənclərin ictimai-siyasi həyatda fəal iştirakını, könüllülük hərəkatına qoşulmasını və vətəndaş cəmiyyətinin inkişafında rolunu artırır. Xüsusilə könüllülük fəaliyyəti gənclərin sosial məsuliyyət hissinin formalaşmasına, liderlik keyfiyyətlərinin inkişafına və dövlətlə cəmiyyət arasında möhkəm körpünün qurulmasına imkan verir.
Azərbaycan Respublikasında gənclərin rifahına xidmət edən dövlət proqramları kompleks və məqsədyönlü xarakter daşıyır. Bu proqramlar gənclərin intellektual, sosial, iqtisadi və mənəvi inkişafını təmin etməklə yanaşı, ölkənin davamlı inkişafına güclü insan kapitalı qazandırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti sübut edir ki, Azərbaycan dövləti gənclərə yalnız bu günün deyil, eyni zamanda gələcəyin əsas strateji gücü kimi yanaşır.
Ziya Vəliyev YAP
Şəki rayon təşkilatının sədr müavini



