
Davos platforması müasir dövrdə qlobal iqtisadi və siyasi müzakirələrin aparıldığı ən nüfuzlu beynəlxalq meydanlardan biri kimi qəbul olunur. Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələrini, iri biznes strukturlarını və analitik dairələri bir araya gətirir. Bu görüşlər qlobal gündəliyin əsas istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Dünya İqtisadi Forumu yarandığı gündən etibarən təkcə iqtisadi mövzularla məhdudlaşmayıb. Zamanla Davos müzakirələrinin gündəliyi genişlənərək qlobal təhlükəsizlik, iqlim siyasəti, enerji resursları, texnoloji inkişaf və sosial bərabərsizlik kimi sahələri də əhatə etməyə başlayıb. Məhz bu çoxşaxəli yanaşma Davos platformasını beynəlxalq müzakirələr baxımından fərqləndirən əsas xüsusiyyətlərdən biridir.Davosun təsir gücü onun qeyri-rəsmi xarakteri ilə bağlıdır. Burada qəbul edilən qərarlar hüquqi baxımdan məcburi olmasa da, forum çərçivəsində aparılan müzakirələr, verilən mesajlar və formalaşan mövqelər beynəlxalq siyasətdə ciddi əks-səda doğurur. Bir çox hallarda Davosda səsləndirilən fikirlər sonradan dövlətlərin rəsmi sənədlərində və strateji yanaşmalarında öz əksini tapır.
Bununla yanaşı, Davos platforması tənqidlərdən də kənarda qalmır. Forum tez-tez qlobal elitanın maraqlarına daha çox xidmət etməkdə günahlandırılır. Tənqidçilərin fikrincə, inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi problemləri bu platformada lazımi səviyyədə diqqət mərkəzinə çıxarılmır. Eyni zamanda, Davosda müzakirə olunan təşəbbüslərin bir hissəsinin real nəticələr verməməsi bu platformanın effektivliyi ilə bağlı suallar yaradır.
Bütün bu mübahisələrə baxmayaraq, Davos platforması qlobal dialoq üçün mühüm rolunu qoruyub saxlayır. Müxtəlif maraqların, fərqli baxışların və ziddiyyətli mövqelərin bir məkanda toqquşması beynəlxalq problemlərin daha açıq və geniş müzakirəsinə imkan yaradır. Bu xüsusiyyət Davosu təkcə illik forum deyil, qlobal proseslərin istiqamətini müəyyən edən qeyri-rəsmi mərkəzə çevirir.
Sultan Məmmədli,
Bakı Slavyan Universitetinin Sosial Elmlər və Regionşünaslıq fakültəsinin Jurnalistika ixtisası üzrə 4 cü kurs tələbəsi




