AnalitikaGündəmSiyasət

Azərbaycan yeni dünya düzənində öz milli maraqlarını qoruyan, sülhə töhfə verən və regional lider mövqeyini möhkəmləndirən müstəqil dövlətdir

2026-cı il yanvarın 20-də Davosda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlərin mahiyyətini və Azərbaycanın bu proseslərdə tutduğu yeri aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, bu gün beynəlxalq hüquq artıq bütün dövlətlər üçün eyni dərəcədə işlək mexanizm deyil və dünya sürətlə yeni bir siyasi mərhələyə daxil olur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırkı beynəlxalq sistemdə əsas amil güc balansı və milli maraqlardır. Azərbaycan bu reallığı vaxtında dərk edərək siyasətini məhz öz potensialına uyğun qurub. Ölkəmizin həyata keçirdiyi bütün addımlar – suverenliyin və ərazi bütövlüyünün bərpası da daxil olmaqla – beynəlxalq hüquqa uyğun şəkildə icra edilib və bu, Azərbaycanın haqlı mövqeyini möhkəmləndirib.

Müsahibədə Cənubi Qafqazda formalaşan yeni sülh mühiti xüsusi olaraq qeyd olundu. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın regionda sülhün təmin olunmasına verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Uzun illər davam edən qarşıdurmadan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin əməkdaşlıq mərhələsinə keçməsi region üçün mühüm dönüş nöqtəsidir.

Dövlət başçısı eyni zamanda bildirdi ki, Azərbaycanda daxili təhlükəsizlik baxımından risklər mövcud deyil. Ölkənin əsas hədəfi regionda sabitliyin qorunmasıdır. Müharibənin ağır nəticələrini yaşamış bir dövlət üçün sülh və təhlükəsizlik əsas inkişaf şərtidir.

Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsindəki aparıcı roluna da toxundu. Bu gün Azərbaycan Cənubi Qafqazın əsas enerji təminatçısıdır və Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Onlarla ölkəyə təbii qaz ixracı Azərbaycanın etibarlı və strateji enerji dövləti olduğunu təsdiqləyir.
Avropa Parlamentinin qərəzli mövqeyinə münasibət bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan artıq bu cür əsassız ittihamlara reaksiya vermir. Ölkəmiz yalnız real və konstruktiv tərəfdaşlarla əməkdaşlığa üstünlük verir.

Ümumilikdə, Davos müsahibəsi göstərdi ki, Azərbaycan yeni dünya düzənində öz milli maraqlarını qoruyan, sülhə töhfə verən və regional lider mövqeyini möhkəmləndirən müstəqil dövlətdir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button