AnalitikaGündəmSiyasət

Aparılan uğurlu xarici siyasət dövlətimizə regional və qlobal səviyyədə geniş fəaliyyət imkanları yaradır

Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycan ictimaiyyəti və beynəlxalq auditoriya üçün mühüm mesajlarla yadda qaldı.

Dövlət başçısı müsahibədə Azərbaycanın regional və qlobal proseslərdə artan rolundan, ölkənin siyasi sabitliyi və davamlı iqtisadi inkişaf strategiyasından bəhs etdi. İlham Əliyev vurğuladı ki, Azərbaycan etibarlı tərəfdaş kimi həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika sahələrində mühüm mövqeyə malikdir. Xüsusilə yaşıl enerji istiqamətində atılan addımlar, bərpa olunan enerji layihələri və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzində oldu.

Müsahibədə regional sülh və təhlükəsizlik məsələlərinə də toxunan Prezident, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının vacibliyini qeyd etdi. Azərbaycan tərəfinin dialoqa və əməkdaşlığa açıq olduğu, regionda sabitliyin bərqərar olması üçün konkret təşəbbüslər irəli sürdüyü bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Eyni zamanda, dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasət kursunu, milli maraqlara əsaslanan qərarlarını və qlobal çağırışlara praqmatik yanaşmasını ön plana çəkdi. Davos kimi nüfuzlu platformada səsləndirilən bu fikirlər ölkəmizin beynəlxalq nüfuzunun artdığını və söz sahibinə çevrildiyini bir daha göstərdi.

Prezident İlham Əliyevin “Euronews”ə verdiyi bu müsahibə Azərbaycanın bu günü və gələcəyi ilə bağlı aydın baxışın, güclü siyasi iradənin və məsuliyyətli liderliyin növbəti nümayişi oldu.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button