
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi jurnalistikanın maarifləndirmə, ictimai rəyin istiqamətləndirilməsi və hesabatlılıq funksiyalarının şəffaf şəkildə yerinə yetirilməsi istiqamətində mühüm media hadisəsidir. Artıq ənənəvi hal almış müsahibədə dövlət başçısı ölkədaxili islahatlardan tutmuş regional və beynəlxalq münasibətlərə dair mühüm məsələlərə sistemli, əsaslı və strateji baxış prizmasından yanaşaraq aydınlıq gətirmişdir.
Dövlət başçısının səsələndirdiyi fikirlər qısa müddətdə dünya informasiya məkanında yayıldı, aparıcı media qurumlarının siyasi-analitik müzakirə obyektinə çevrildi. Geosiyasi reallıq, güc balanslarına əsaslanan realist yanaşma əsasında ölkəmizin seçdiyi modelin uğurlu və nümunəvi strategiya olması qlobal media qurumlarının sərlövhəsini təşkil edirdi.
Geniş erudisiyaya malik Prezident İlham Əliyevin müsahibəsi sözün qlobal gücünün göstəricisidir. Dilin əsas məziyyətlərinə peşəkar yanaşma, xalq danışıq dilinə yaxın, səlis, aydın ifadələrin işlədilməsi dövlət başçısının Azərbaycan dilinə mahir hakimliyinin nümunəsidir. Dövlət başçısı yerli, regional və qlobal məsələlər fonunda dilimizin siyasi, ideoloji və mədəni baxımdan da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ulu Öndərdən miras qalan dövlət dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dili milli-mənəvi dəyərlərin qorunması, milli birliyin əsas faktoru kimi dəyərləndirir. Vaxtilə Ulu Öndər Heydər Əliyev xalqı dilin qorunmasında təəssübkeşliyə çağırırdı: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, dönməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Dövlət başçısı müsahibəsində xalqımızın əsrlər boyu müstəmləkəçilik şəraitində müstəqillik eşqi ilə yaşaması, ağır taleyindən danışmışdır: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”. Dövlət başçısı qeyd edib ki, əgər bu dil əcdadlarımızdan bizə əmanət edilibsə və müstəmləkəçilik illərində də dilimizi qorumuşuqsa bu gün də qorumaq bizim borcumuzdur. Çünki, milləti millət edən dildir.
Prezident İlham Əliyev müsahibəsində leksikonumuza gələn xarici kəlmələrə də toxunub. Bilərəkdən yaxud bilməyərəkdən dilimizə daxil olan xarici kəlimələrdən istifadə də ehtiyatlı olmağımızı, bunun dilimizi zənginləşdirmək yox, dilimizə qarşı təhdid ola biləcəyini vurğulayıb. Prezident bu kəlimələrin dilimizi pozması, milli kimliyimizi yavaş-yavaş sarsıtması və sonunda dövlətçiliyimizin əldən getməsi ilə də üzləşə biləcəyimizin ehtimalını da ortaya qoyur: “Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər”.
Qeyd edək ki, bu məsələ barədə Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki nitqində dil məsələlərinə xüsusi yer vermiş və qeyd etmişdir “… əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribat. Hər ikisi də qəbuledilməzdir”.
Müsahibədə dil barədə mühüm məsələlərdən biri kimi Prezident İlham Əliyev azərbaycanlıların yaşadığı bəzi ölkələrdə Azərbaycan məktəblərlərinin olmamasını ədalətsizlik kimi qiymətləndirib, bundan sonrakı mərhələdə bu istiqamətdə onlayn məktəblərin açılması və övladlarımızın öz ana dilini bilmələri üçün millətimizin yaşadığı bütün yerlərdə Azərbaycan dili məktəblərinin olmasının vacibliyini vurğulayıb. Prezident bu məsələdə jurnalistlərin üzərinə böyük yük düşdüyünü, efir məkanında xarici kəlimlərdən istifadə etməmələrini, ziyalılarımızın da nitqində yad kəlimələrdən uzaq durmaları bildirib. Və sonda Prezident İlham Əliyev dilimiz-milli kimliyimiz şüuarına əsaslanaraq vətəndaşları bu istiqamətdə milli birliyə çağırıb “ …dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqarar olacaq”.
Fərqanə Məlikova,
BSU, Jurnalistika kafedrası, müəllim



