AnalitikaGündəmSiyasət

Bizim xarici borcumuz ÜMD-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının xüsusi vurğuladığı məqamlardan biri Azərbaycanın xarici borc göstəriciləri ilə bağlı idi. Möhtərəm Prezidentimizin “Bizim xarici borcumuz ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir” fikri, əslində, təkcə bir statistik göstərici deyil, illər ərzində həyata keçirilən düşünülmüş iqtisadi strategiyanın məntiqi nəticəsidir.
Xarici borc istənilən dövlət üçün normal iqtisadi alət hesab olunsa da, onun həcmi və idarə olunma səviyyəsi ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərir. Yüksək borclanma dövlətlərin fiskal manevr imkanlarını məhdudlaşdırır, onları xarici maliyyə mərkəzlərindən və beynəlxalq kredit təşkilatlarından asılı vəziyyətə sala bilir. Bu baxımdan ÜDM-ə nisbətdə aşağı xarici borc göstəricisi ölkənin maliyyə dayanıqlığının və iqtisadi müstəqilliyinin əsas indikatorlarından biri sayılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 6 faizindən bir qədər artıq olması beynəlxalq miqyasda olduqca nadir və müsbət göstəricidir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu nisbət on dəfələrlə yüksəkdir.
Azərbaycanın aşağı xarici borc səviyyəsinə nail olmasının əsas səbəblərindən biri neft və qaz gəlirlərinin düzgün idarə olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə formalaşdırılan iqtisadi modeldə cari xərclərin borc hesabına deyil, real gəlirlər əsasında maliyyələşdirilməsi əsas prinsip kimi götürülüb. Neft gəlirləri qısamüddətli istehlaka deyil, strateji ehtiyatların formalaşdırılmasına, infrastruktur layihələrinə və qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bir tərəfdən Dövlət Neft Fondu vasitəsilə ciddi maliyyə yastığı formalaşdırıb, digər tərəfdən isə xarici borclanmaya minimal ehtiyac duyub. Prezidentin müsahibədə vurğuladığı tezis məhz bu uzunmüddətli yanaşmanın nəticəsidir.
Xarici borcun aşağı səviyyədə saxlanılmasında fiskal intizamın xüsusi rolu var. Azərbaycan büdcə siyasətində balanslaşdırılmış yanaşmanı qoruyaraq, xərclərin gəlirlərlə uzlaşdırılmasına üstünlük verib. Bu isə dövlətin borclanma ehtiyacını əhəmiyyətli dərəcədə azaldıb.
Prezident İlham Əliyevin iqtisadi idarəçilik fəlsəfəsində “öz imkanlarımız hesabına yaşamaq” prinsipi əsas yer tutur. Bu prinsip həm sosial proqramların maliyyələşdirilməsində, həm də iri infrastruktur layihələrinin icrasında özünü göstərir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi tezis eyni zamanda gələcək inkişaf üçün möhkəm təməl deməkdir. Aşağı xarici borc yükü dövlətə sosial layihələri genişləndirmək, azad edilmiş ərazilərin bərpasını sürətləndirmək və iqtisadiyyatın şaxələndirilməsini davam etdirmək üçün əlavə imkanlar yaradır. Bu göstərici onu deməyə əsas verir ki, Azərbaycan yalnız bugünkü maliyyə sabitliyini deyil, həm də gələcək nəsillərin iqtisadi təhlükəsizliyini təmin edən siyasət yürüdür.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button