
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İşləmək, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Beləliklə də azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. 1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməklə həmrəyliyin hüquqi və siyasi təsdiqini reallaşdırdı. Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlıların vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.
1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan Prezidentinin Fərmanı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi bayram elan edildi. Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir.
“Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır.
İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir.” Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin sözügedən məsələdə necə qərarlı olduğunu sübut edir. Bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik ölkəmizi, xalqımızı yeni-yeni qələbələrə aparacaq!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğur, gündən-günə çiçəklənən Azərbaycan dövləti ətrafında bundan sonra da sıx birləşməyi arzulayırıq.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçisi



