AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs

Müstəqilliyimizin bərpasından sonra dövlətin həyata keçirdiyi hüquqi və siyasi islahatların mühüm istiqamətlərindən biri cəza siyasətində humanizmin təmin edilməsidir. Bu baxımdan amnistiya aktları və əfv sərəncamları təkcə hüquqi mexanizm deyil, eyni zamanda dövlətin vətəndaşa münasibətinin, mərhəmət və sosial ədalət prinsipinə sadiqliyinin real təzahürü kimi çıxış edir. Azərbaycan təcrübəsi, eləcə də beynəlxalq praktika göstərir ki, amnistiya və əfv institutları cəmiyyət-dövlət münasibətlərində etimadın möhkəmləndirilməsinə, hüquqi dövlət anlayışının dərinləşməsinə xidmət edən mühüm ictimai-siyasi vasitələrdəndir.

Son 22 il ərzində Prezident İlham Əliyevin imzaladığı çoxsaylı əfv sərəncamları və təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları minlərlə insanın həyatında köklü dəyişikliklər yaradıb. Bu sənədlər Azərbaycan dövlətinin humanist siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, hüquqi dövlət quruculuğuna, sosial ədalətin təmininə və cəmiyyətin sağlam inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyev 2003-cü ildən etibarən fəaliyyətə başladığı ilk gündən amnistiya və əfv məsələlərinə ardıcıl, sistemli və humanist yanaşma nümayiş etdirib. Nəticədə minlərlə məhkum cəzadan azad edilib, on minlərlə şəxsin cəza müddəti azaldılıb və ya cəza növü yüngülləşdirilib.

Xüsusilə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslər, qadınlar, yetkinlik yaşına çatmayanlar, yaşlılar, əlilliyi olan şəxslər, müharibə iştirakçıları və digər sosial həssas qruplar amnistiya aktlarının əsas benefisiarları sırasında yer alıb. Bu fakt Prezident İlham Əliyevin sosial həssas təbəqələrə daim xüsusi diqqət göstərdiyini, insan amilini dövlət siyasətinin mərkəzində saxladığını bir daha təsdiqləyir.

Məhz bu humanist yanaşmanın məntiqi davamı kimi Azərbaycan tarixinin ən genişmiqyaslı amnistiya təşəbbüslərindən birinin yenə də Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi dövlət başçısının prinsipial mövqeyinin və dəyərlərə sadiqliyinin növbəti təzahürüdür. Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunması xalqımızın ən böyük tarixi qələbələrindən biri kimi dəyərləndirilir. Məhz bu tarixi mərhələdə humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq amnistiya təşəbbüsünün irəli sürülməsi həm də cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə olan inamın göstəricisidir.

Prezident İlham Əliyev bu təşəbbüsü irəli sürərkən cəzadan azad olunacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına, cəmiyyətə və dövlətin inkişafına töhfə verəcəklərinə ümid etdiyini açıq şəkildə ifadə edib. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin bu sənəddən faydalanması nəzərdə tutulur. Eyni zamanda, həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər də amnistiyanın əhatə dairəsinə daxil edilir.

Layihədə qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər sosial həssas kateqoriyalara xüsusi yer ayrılması dövlətin sosial məsuliyyətinin və humanist yanaşmasının bariz ifadəsidir. Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan tam azad edilməsi və ya cəza müddətlərinin azaldılması nəzərdə tutulur.

Prezident tərəfindən Milli Məclisə təqdim olunan bu amnistiya aktının miqyasına görə ölkə tarixində ən böyük amnistiya olacağı ehtimal edilir. Proqnozlara əsasən, sənəd ümumilikdə 20 mindən çox şəxsə şamil edilə bilər. Onlardan 5 mindən artıq məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən çox şəxsin cəza müddətinin azaldılacağı, 7 mindən artıq məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxsin isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan azad ediləcəyi gözlənilir. Eyni zamanda mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Amnistiya və əfv siyasətinin əhəmiyyəti təkcə humanizm prinsipləri ilə məhdudlaşmır. Elmi araşdırmalar və beynəlxalq təcrübə göstərir ki, bütün cinayət törətmiş şəxslərin uzunmüddətli təcridi hər zaman effektiv nəticə vermir. Bəzi hallarda cəzanın yüngülləşdirilməsi və ya aradan qaldırılması həmin şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına daha müsbət təsir göstərir. Bu baxımdan amnistiya aktları insanlara ikinci şans verir, səhvlərini dərk edib düzgün həyata qayıtmaq üçün real imkan yaradır.

Amnistiya və əfvlərin sosial əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Azadlığa buraxılan şəxslərin ailələrinin yenidən birləşməsi, uşaqların valideyn himayəsinə qovuşması, ailə üzvlərinin psixoloji durumunun yaxşılaşması bu siyasətin cəmiyyətə verdiyi mühüm töhfələrdəndir. Eyni zamanda bu aktlar hüquqi sistemin çevikliyini nümayiş etdirir və vətəndaşlarda hüquqi dövlətə inamı gücləndirir. Statistik göstəricilər də sübut edir ki, amnistiyalar cinayətkarlığın artmasına deyil, əksinə, sosial adaptasiyanın güclənməsinə səbəb olur.

Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi amnistiya və əfv siyasəti Azərbaycan dövlətinin humanist dövlət modelinə, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Bu siyasət təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və Azərbaycanın müasir, güclü və mərhəmətli dövlət kimi formalaşmasının mühüm göstəricilərindən biri kimi çıxış edir.

Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button