AnalitikaGündəmSiyasət

Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olduğunu əməli addımlarla sübut edir

İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Müstəqilliyin bərpasından sonra, xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə demokratik və hüquqi dövlət quruculuğu yolunu seçmişdir. İnsan amilinə verilən yüksək dəyər Heydər Əliyevin siyasi xəttinin əsasını təşkil etmiş, bu yanaşma müasir Azərbaycan dövlətçiliyinin ideoloji bünövrəsinə çevrilmişdir. Onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya insan hüquq və azadlıqlarının etibarlı təminatını yaradaraq hüquqi dövlətin əsasını formalaşdırmışdır. Humanizm və insanpərvərlik prinsipləri dövlət idarəçiliyində mühüm yer tutmuş, cəmiyyətin sağlam inkişafına xidmət etmişdir. Bu möhkəm əsaslar üzərində qurulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirilir. Prezidentin fəaliyyətində vətəndaş rifahı, sosial ədalət və mərhəmət əsas meyarlar kimi ön plana çıxır. Bu humanist yanaşma cinayət-hüquq siyasətində də öz əksini taparaq cəzanın tərbiyəedici mahiyyətini gücləndirmişdir. Əfv və amnistiya institutları dövlətin insana verdiyi dəyərin bariz nümunəsi kimi çıxış edir. Müxtəlif illərdə qəbul edilən amnistiya aktları minlərlə insanın yenidən cəmiyyətə qayıtmasına şərait yaratmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə amnistiya elan edilməsi humanizm ənənələrinin davamı kimi qiymətləndirilir. Sözügedən təşəbbüs cəzadan azad edilən şəxslərin cəmiyyət üçün faydalı vətəndaşlara çevriləcəyinə olan inamı ifadə edir. Amnistiya aktının on minlərlə şəxsi əhatə edəcəyi gözlənilir. Layihədə Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxslər və onların ailə üzvləri üçün xüsusi yanaşma nəzərdə tutulur. Eyni zamanda qadınlar, yaşlılar və yetkinlik yaşına çatmayanlar kimi həssas qruplara güzəştlər tətbiq edilir. Bu addımlar ölkədə hüquq bərabərliyinin və ədalətli yanaşmanın mövcudluğunu göstərir. Humanizmə əsaslanan siyasət cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan bu gün sabitlik, təhlükəsizlik və tolerantlıq məkanı kimi tanınır. Dövlətin apardığı islahatlar davamlı inkişafa xidmət edir. Mövcud reallıqlar göstərir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button