
Nəsimi rayonunda 12 dekabr – Ümummilli lider Heydər Əliyevin Anım günü münasibətilə tədbir keçirilib
Aktualinfo.az xəbər verir ki, 12 dekabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev – dünənimizin qüruru, bu günümüzün dayağı” adlı tədbir keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının inzibati binasında baş tutub.
Əvvəlcə tədbir iştirakçılarının iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcıların çıxışlarında Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq arenada mövqelərinin gücləndirilməsində göstərdiyi müstəsna xidmətlərdən geniş bəhs olunub. Vurğulanıb ki, Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin qorunmasına və inkişafına həsr etmiş nadir tarixi şəxsiyyətdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək qeyd edib ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində Azərbaycan 1969-cu ildən etibarən sürətli inkişaf yoluna qədəm qoyub, 1993-cü ildə isə dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olunaraq sabit və güclü dövlətə çevrilib. Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən bədii çıxışlar, şeir kompozisiyaları təqdim olunub.
Daha sonra tədbirdə qonaqlar çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixində və milli yaddaşımızda əbədi olaraq yaşayacağını, onun ideyalarının bu gün də ölkənin inkişafında əsas istiqamət olduğunu vurğulayıblar.
Qeyd edilib ki, dünya durduqca Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının yaddaşında milli qürur, dövlətçilik iradəsi və müdriklik simvolu kimi yaşayacaq.















