GündəmMaraqlıSosial

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub

4-18 dekabr tarixlərində keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub.

Aktualinfo.az xəbər verir ki, dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya toplayan Forum “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, eyni zamanda könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan Könüllüləri sərgi ilə tanış olublar.

5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib, Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi ardıcıl dəstəyin bu sahədə əldə olunan uğurların əsas hərəkətverici qüvvəsi olduğunu diqqətə çatdırıblar. Onlar bildiriblər ki, bu il 5-ci ildönümünü qeyd etdiyimiz Şanlı Zəfərimiz gənclərin vətənpərvərlik ruhunu yüksəldir və ictimai fəallığını artırır. Eyni zamanda, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması könüllülük hərəkatının inkişafına, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə geniş imkanlar yaradır.

Oxşar Xəbərlər

Back to top button