GündəmSiyasət

YAP nümayəndə heyətinin Kuba Respublikasına səfəri başa çatıb

Aktualinfo.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici ticarət və xarici investisiyalar naziri Oskar Perez-Oliva Fraqa ilə görüşü keçirilib.

Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun xalqlarımız arasında münasibətlərin və ölkələrarası əməkdaşlıq əlaqələrinin qurulmasında tarixi əhəmiyyətə malik müstəsna rolu qeyd olunub. Bu gün dövlət başçılarının məqsədyönlü siyasəti sayəsində ikitərəfli münasibətlərin inkişafının diqqət mərkəzində olduğu vurğulanıb.

İqtisadi-ticari, turizm, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, prioritet hədəflərin reallığa çevrilməsi üçün önəmli potensialın olduğu bildirilərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Kuba Kommunist Partiyası (KKP) Siyasi Bürosunun üzvü, Kuba Qadınlar Federasiyasının Baş katibi Teresa Amareye Bouye və KKP Mərkəzi Komitəsinin üzvü, Gənc Kommunistlər İttifaqının Baş katibi Meyvis Estevez Eçeveria ilə də görüşləri olub.

Görüşlərdə Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Kubaya səfərinin qarşılıqlı faydalı olacağına və hərtərəfli əməkdaşlığa stimul verərək Azərbaycan-Kuba münasibətlərinə dinamizm gətirəcəyinə əminlik ifadə olunub. Bildirilib ki, YAP ilə KKP arasında Əməkdaşlıq Sazişinin imzalanması dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarının möhkəmləndirilməsi və işbirliyinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir.

Görüşlər zamanı, həmçinin hər iki ölkədə həyata keçirilən gənclər siyasətindən, o cümlədən gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs olunaraq bu sahədə təmasların sıxlaşdırılmasının vacibliyi vurğulanıb. Əməkdaşlıq Sazişinin icrasının hər iki partiyanın gəncləri arasında əlaqələri gücləndirəcəyinə inam ifadə olunaraq daimi təmaslar fonunda ortaq layihələrin təşkilinin önəmi qeyd edilib.

Nümayəndə heyətinin FIHAV (“Expocuba”) sərgisinə ziyarəti də təşkil olunub.

Səfər noyabrın 27-də başa çatıb.

Oxşar Xəbərlər

Back to top button