
İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.
Kəlbəcər həm də turistlərdə maraq yarada biləcək bir çox tarixi abidələrlə zəngindir. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
Otuz il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində – Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib.
2025-ci ilin avqustunda Azərbaycan Prezidenti Kəlbəcər rayonuna səfəri zamanı ənənəyə sadiq qalaraq bir neçə obyektlərin açılış mərasimində iştirak edib, görülən işlərlə tanış olub, sakinlərə yeni mənzillərinin açarlarını təqdim edib və yeni layihələrin təməlini qoyub. Görülən bütün işlər “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Nəticə etibarı ilə deyə bilərik ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.
Ağa Kazımov
YAP Xəzər rayon təşkilatının gənc fəalı



