AnalitikaGündəmSiyasət

YAP-ın 33 illik fəaliyyəti ölkəmizin inkişafına töhfə verib

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Heydər Əliyevə müraciət göndərildi. Ulu öndər Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət maneələr yaratdığından 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Konfransda partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, Siyasi Şura, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir… Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan… ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
YAP müxalif partiya olaraq yaradılmış, 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi və 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyətinin Yeni Azərbaycan Partiyasının üzvləri olması ilə iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.
Qısa zaman çərçivəsində xalqı ətrafına toplayaraq iqtidar partiyasına çevrilən YAP eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləmiş və Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğrultmuşdur. Milyonların dəstəklədiyi və arxasınca inamla addımladığı iqtidar partiyası illərin sınağından cəsarətlə çıxaraq, öz qüdrəti ilə fərqlənərək qarşıya qoyulan məqsəd və amal uğrunda inamla mübarizə aparmışdır.
Yeni Azərbaycan Partiyası bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanmış, xalqımızın arzularının ifadəçisi kimi çıxış etmiş, iqtidar partiyası olaraq, Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermişdir.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın.
Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun durmadan artması, daxili və xarici siyasətin ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi Ümummilli liderimiz Heydər Əliyevin idarəçilik məktəbinin dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsidir. İndi Azərbaycan dünya birliyini maraqlandıran ən qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və müəllifidir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin icrası mümkün deyil.
Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq-iqtidar birliyi 30 ilə yaxın müddətdə düşmənin işğalı altında qalan tarixi torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Vətən müharibəsində Qələbəmiz Şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına əldə olundu. Şəhidlərimizin əziz xatirəsi dövlətimiz və xalqımız tərəfindən uca tutulur, şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

Vətən müharibəsində tarixi Zəfərdən sonrakı seçkilərdə YAP xalqın böyük məhəbbətinin və etibarının dönməz istinadı, doğma ünvanı olmasını bir daha təsdiqləmişdir. Belə ki, 2024-cü il fevralın 7-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12% səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş, 2024-cü il sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisinə seçkilərdə YAP parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində də partiyamız qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə edib.
Yarandığı gündən Yeni Azərbaycan Partiyasının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olmuş və partiyamız 33 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərmişdir.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button