AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası: Keçmişdən gələcəyə strateji yol xəritəsi

Yeni Azərbaycan Partiyasının 33 illiyi Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələnin tamamlanması deməkdir. 1992-ci ildə yaranan YAP ölkənin dağılmaq təhlükəsi ilə üzləşdiyi bir dövrdə formalaşdı və qısa müddətdə Azərbaycan siyasətinin aparıcı qüvvəsinə çevrildi. Bu partiyanın yaranması Azərbaycan tarixində dönüş nöqtəsi oldu və milli dövlətin xilası üçün başlanğıc yaratdı.

YAP-ın əsasında dayanan Heydər Əliyev ideyaları dövlətçiliyin möhkəmlənməsində həlledici rol oynadı. 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, dövlət strukturları yenidən quruldu, iqtisadi islahatlar başlandı və “Əsrin kontraktı” ilə Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının təməli qoyuldu.

YAP-ın siyasi fəlsəfəsində milli maraqların qorunması, iqtisadi müstəqillik, sosial rifah, ordu quruculuğu və beynəlxalq nüfuzun artırılması xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs daha da inkişaf etdirildi və Azərbaycan regionun lider dövlətinə çevrildi. Son 19 il ərzində ölkə iqtisadiyyatının 3 dəfədən çox böyüməsi, xarici dövlət borcunun rekord səviyyədə azalması və valyuta ehtiyatlarının güclənməsi ölkənin iqtisadi dayanıqlığını artırdı.

Azərbaycanın enerji strategiyası — TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan və digər layihələr — ölkəyə qlobal enerji xəritəsində mühüm mövqe qazandırdı. Bu layihələr təkcə iqtisadi gəlir deyil, həm də siyasi nüfuz formalaşdırdı. Bu gün Azərbaycan bir çox ölkələr üçün enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir.

YAP-ın siyasi xəttinin ən mühüm nəticəsi Qarabağ Zəfəridir. 44 günlük müharibədə əldə olunan qələbə Azərbaycan tarixinin yeni səhifəsini açdı. Bu Qələbə Ulu Öndərin “görə bilmədiyim işləri davamçılarım görəcək” sözlərinin real həyata keçməsi idi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri həmin zəfərin davamı olaraq ölkənin inkişaf strategiyasının əsas istiqamətinə çevrilib.

YAP-ın 33 illik inkişaf təcrübəsi onu da göstərir ki, partiya özünü yeniləmək, cəmiyyətin ehtiyaclarına uyğunlaşmaq və gəncləri siyasi proseslərə cəlb etmək bacarığına malikdir. Müasir dövrün çağırışları YAP-ın qarşısına yeni vəzifələr qoyur: iqtisadiyyatın diversifikasiyası, rəqəmsal inkişaf, ekoloji təhlükəsizlik, qlobal əməkdaşlığın gücləndirilməsi və gənclər siyasətinin təkmilləşdirilməsi partiyanın strateji gündəliyinin əsas hissəsinə çevrilib.

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin gələcəyini müəyyən edən, dövlət siyasətinin ideoloji və təşkilati dayağı kimi çıxış edən aparıcı siyasi qüvvədir. YAP-ın 33 illik tarixi həm keçmişin təhlili, həm də gələcəyin yol xəritəsidir. Bu yol müstəqil, güclü, rifahlı və qürurlu Azərbaycan yoludur.

Azər Əhmədov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 2 ( RPM PHŞ) üzrə ƏPT sədri, “Respublika Pediatriya Mərkəzi” PHŞ-in direktoru

Oxşar Xəbərlər

Back to top button