AnalitikaGündəmSiyasət

Azərbaycanın inkişaf paradigması: YAP-ın 33 illik strateji xətti

Azərbaycanın inkişaf paradigması: YAP-ın 33 illik strateji xətti

Yeni Azərbaycan Partiyasının bu il qeyd olunan 33 illik yubileyi ölkə həyatının müxtəlif sahələrində əldə edilmiş uğurların mənbəyini və istiqamətini bir daha nəzərdən keçirmək üçün mühüm fürsətdir. 1990-cı illərin əvvəllərində dövlət institutlarının çökməsi, separatizmin güclənməsi, iqtisadiyyatın dağılması və sosial gərginlik Azərbaycan üçün təhlükəli bir siyasi ortam yaratmışdı. Məhz o zaman xalqın seçimi Heydər Əliyevin qayıdışına və onun rəhbərliyi ilə yeni siyasi qüvvənin — Yeni Azərbaycan Partiyasının formalaşmasına yönəldi.

YAP-ın yaranması yalnız həmin dövrün problemlərinin həlli üçün alət deyil, həm də uzunmüddətli inkişaf strategiyasının başlanğıcı idi. 1993-cü ildən etibarən siyasi sabitliyin bərpa edilməsi, dövlət strukturlarının formalaşdırılması, hüquqi sistemin yaradılması, iqtisadi islahatlar və xarici siyasətin milli maraqlar əsasında yenidən qurulması Azərbaycanın müstəqil dövlət kimi gələcəyini təmin etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın strateji xətti yeni mərhələyə keçdi. XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycan regionda iqtisadi lokomotıv rolunu oynamağa başladı. İqtisadiyyatın 3 dəfədən artıq böyüməsi, xarici sərmayələrin cəlbi, enerji və nəqliyyat layihələrinin icrası ölkəni beynəlxalq iqtisadi sistemdə etibarlı tərəfdaşa çevirdi. Bu inkişafın təməlində YAP-ın iqtisadi müstəqilliyi gücləndirən siyasəti dayanırdı.

Bu gün Azərbaycanın xarici siyasət uğurlarının da mənbəyi məhz bu strategiyadır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük, Qoşulmama Hərəkatına sədrliyin uğurla həyata keçirilməsi, regional təşkilatlarda fəal iştirak ölkənin beynəlxalq nüfuzunu artırdı. Ermənistanın Azərbaycan əleyhinə apardığı təxribat cəhdlərinin müxtəlif təşkilatlarda iflasa uğraması isə ölkəmizin artan diplomatik gücünü göstərir.

YAP-ın siyasi xəttinin mühüm tərkib hissəsi ordu quruculuğudur. Uzun illər ərzində həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Bunun nəticəsi olaraq 2020-ci ildə Qarabağ işğaldan azad edildi və milli dövlətçilik tarixində yeni mərhələ başlandı. Bu Qələbə yalnız hərbi güc deyil, həm də milli həmrəyliyin, sosial-siyasi birliyin və liderlik institutunun uğurudur.

Postmüharibə dövründə YAP-ın qarşısında duran əsas vəzifə Azərbaycanın azad edilmiş ərazilərində quruculuq və bərpa siyasətinin həyata keçirilməsidir. Artıq Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, yeni şəhər və kəndlər salınır, kommunikasiya xətləri bərpa olunur. Bu quruculuq prosesi Azərbaycan dövlətinin gücünü və YAP-ın strateji hədəflərinin ardıcıllığını göstərir.

Bu gün YAP-ın 33 illik tarixi dövlətçilik ənənələrinin qorunması, sabitliyin təmin edilməsi və inkişaf modelinin müəyyənləşdirilməsi baxımından mühüm dərslər verir. Partiyanın siyasi xətti ölkənin qarşıdakı illərdə daha güclü, müasir və dayanıqlı dövlət kimi inkişafını təmin edəcək əsas ideoloji platforma olaraq qalır.

Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri

Oxşar Xəbərlər

Back to top button