
Kəlbəcər Azərbaycanın ən qədim sivilizasiya mərkəzlərindən biri olmaqla, tarix boyunca həm strateji mövqeyi, həm də zəngin mədəni irsi ilə seçilən bir bölgə kimi formalaşıb. Bu torpaqlar minillərdir ki, müxtəlif mədəniyyətlərin, tayfaların və dini mərhələlərin izlərini özündə cəmləyərək xalqımızın yaddaşına dərin şəkildə həkk olunub. Coğrafi quruluşunun əlverişliliyi, dağ silsilələrinin müdafiə funksiyası, bol sulu çayları və təbiətin yaratdığı unikal landşaftlar Kəlbəcərin tarix boyu xüsusi əhəmiyyət kəsb etməsinə səbəb olmuşdur.
Ərazidə aparılan elmi araşdırmalar sübut edir ki, Kəlbəcər ibtidai icma quruluşundan başlayaraq insan məskəni kimi böyük rol oynayıb. Qayalıqlar boyunca uzanan süni mağaralar, qədim yaşayış izləri və min illər öncəyə aid məişət nümunələri bölgənin ən qədim insan məskənlərindən olduğunu göstərir. Eyni zamanda Kəlbəcərin adının qədim türk mənşəli olması və “çayın üstündə qala” mənasını verməsi də burada yaşayan tayfaların köklərini, onların həyat tərzini və müdafiə xüsusiyyətlərini əks etdirir.
Kəlbəcərin mədəni irsi onun tarixi qədər zəngindir. Bölgədə rast gəlinən 6 min illik petroqliflər, qədim damğa işarələri, türklərə məxsus runik yazılar və orta əsrlərə aid memarlıq nümunələri burada ardıcıl şəkildə müxtəlif dövrlərin mədəniyyətinin yaşadığını sübut edir. Qədim atəşpərəstlik izlərindən xristianlıq dövrünə, oradan isə İslamın bölgədə möhkəmlənməsinə qədər olan mərhələlər Kəlbəcəri Azərbaycanın ən çoxsivilizasiyalı bölgələrindən birinə çevirir. Bu torpaqlarda həm türk dünyasının qədim irsi, həm də regionun ümumi tarixi bir-birinə qovuşur və bənzərsiz mədəni qat yaradır.
Lakin bu dəyərli irs uzun illər işğal altında qalaraq ciddi təhlükələrlə üzləşdi. Ermənistanın təcavüzü nəticəsində Kəlbəcər 1993-cü ildən etibarən düşmən nəzarəti altına keçdi və bu illər ərzində bölgənin mədəni, tarixi və ekoloji sərvətləri sistemli şəkildə məhv edildi. Qədim məscidlər təhqir olundu, türbələr dağıdıldı, meşələr qırıldı, evlər talan edildi, tarixi abidələrin izləri silinməyə çalışıldı. Bu vandalizm yalnız Azərbaycan dövlətinə qarşı deyil, ümumbəşəri mədəniyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilir.
2020-ci ilin tarixi Qələbəsi nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytardı və Kəlbəcər ardıcıl şəkildə, hərbi qarşıdurma olmadan Azərbaycana təhvil verildi. Rayonun təhvil prosesi bir daha göstərdi ki, işğalçı tərəf bu ərazilərdə həyatı və irsi qorumaq niyyətində deyilmiş; əksinə, bölgəni tərk edərkən evləri yandırmaq, meşələri məhv etmək, yolları dağıtmaq kimi rüsvayçı addımlar atıldı. Bu davranışlar dünya birliyinin gözü önündə erməni vandalizminin mahiyyətini, onların məqsədli şəkildə tarixə və təbiətə zərər vurmaq siyasətini üzə çıxardı.
Kəlbəcərin azad olunması ilə Azərbaycan dövləti bu bölgəni yenidən dirçəltmək üçün genişmiqyaslı tədbirlərə başladı. İlk növbədə təhlükəsizliyin təmin olunması, minalardan təmizləmə prosesi həyata keçirildi. Ardınca mühüm yol-nəqliyyat infrastrukturunun qurulmasına start verildi, elektrik və su təchizatı bərpa edildi, müasir şəhərsalma konsepsiyası əsasında yeni yaşayış massivlərinin layihələndirilməsi başladı. Kəlbəcərin dağlıq relyefini aşmaq üçün inşa olunan tunellər və yollar onun gələcək inkişafı üçün mühüm imkanlar açır.
Bu gün Kəlbəcər təkcə işğaldan azad olunmuş bir rayon deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin tətbiq olunduğu strateji bölgələrdən biridir. Burada həyata keçirilən bərpa işləri sosial-iqtisadi inkişafı yenidən qurmağı, turizmi dirçəltməyi və kənd təsərrüfatı potensialını maksimum səviyyədə istifadə etməyi hədəfləyir. Kəlbəcərin zəngin təbii resursları və unikal coğrafiyası bu istiqamətdə geniş imkanlar yaradır.
Kəlbəcərin dirçəlişi Azərbaycan xalqının əzmini, dövlətin gücünü və torpağa bağlılığımızın dərinliyini simvolizə edir. Bu torpaqlarda yeni həyatın başlaması yalnız bölgənin deyil, bütün ölkənin gələcəyinə töhfə verən mühüm hadisədir. Kəlbəcər bu gün həm tariximizin şərəfli izlərini, həm də qalib dövlətimizin müasir gücünü bir araya gətirən möhtəşəm bir rəmzə çevrilmişdir. Bu dirçəliş xalqımızın iradəsinin, mübarizliyinin və azad torpaqlarımızda yenidən qurulan həyatın parlaq nümayişidir.
Günel Əbdürəhmanova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



