
Yeni Azərbaycan Partiyasının təsis edilməsi, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında dönüş nöqtələrindən biri olaraq müstəqil Azərbaycan tarixində öz yerini almışdır. 1992-ci ilin mürəkkəb ictimai-siyasi şəraitində xalqın tələbi ilə yaradılan bu siyasi təşkilat, ölkənin sabitliyə və inkişaf yoluna qədəm qoymasında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyev YAP-ın missiyasını dəyərləndirərkən deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə hesablanmış partiyadır.” Bu fikir partiyanın həm ideoloji əsasını, həm də strateji yol xəritəsini aydın şəkildə ifadə edirdi.
YAP-ın təsis edilməsi ilə Azərbaycan siyasətində məsuliyyət, dövlətçilik düşüncəsi və xalqın maraqlarını prioritetləşdirən yeni mərhələ başlandı. Partiyanın rəhbərliyi altında Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf və sosial sabitlik istiqamətində genişmiqyaslı islahatlar həyata keçirildi. Ulu Öndərin müdrik siyasəti YAP-ı cəmiyyətin bütün təbəqələrini əhatə edən, geniş sosial dayaqlara malik siyasi gücə çevirdi. Onun digər bir fikri bu reallığı daha aydın təsvir edirdi: “Bizim yolumuz xalqın yoludur, xalqın iradəsi isə bu partiyanın fəaliyyətinin əsasını təşkil edir.”
Bu gün Yeni Azərbaycan Partiyası modern və dinamik bir siyasi təşkilat kimi öz inkişaf xəttini müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP dövlətçilik ənənələrinin daşıyıcısı olmaqla yanaşı, yeni idarəçilik yanaşmalarını da özündə birləşdirən siyasi platformaya çevrilib. YAP-ın rolunu qiymətləndirərkən partiyamızın sədri, Silahlı qüvvələrimizin Qalib Ali baş komandanı vurğulayır: “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişafında aparıcı siyasi qüvvədir.” Bu sitat partiyanın milli inkişaf konsepsiyasındakı əvəzedilməz mövqeyini əks etdirir.
Yeni Azərbaycan Partiyası həm tarixi irsə söykənir, həm də yenilikçi siyasi idarəetmə modelini ölkədə daha da gücləndirir. YAP-ın hər bir addımı dövlətin güclənməsi, xalqın rifahının yüksəlməsi və müstəqilliyin möhkəmlənməsi məqsədlərinə xidmət edir. Bu gün partiya öz fəalları, gəncləri və sadə üzvləri ilə birlikdə daha böyük məqsədlərə doğru inamla irəliləyir.
Yeni Azərbaycan Partiyasının təsis edilməsindən keçən illər göstərir ki, bu siyasi təşkilat həm tarixi missiyasına sadiq qalıb, həm də yeni dövrün hədəflərinə uyğun olaraq özünü daim yeniləyib. YAP-ın gələcək fəaliyyətinin də dövlətçiliyimizin inkişafına, xalqın rifahına və Azərbaycanın qlobal arenada mövqelərinin daha da güclənməsinə töhfə verəcəyi şübhəsizdir. Qarşıdakı illərdə də cənab prezidentimizin rəhbərliyi ilə “güclü dövlət, güclü xalq” ideyası ətrafında birləşən bu siyasi xətt ölkəmizi daha böyük nailiyyətlərə aparacaq.
Tamerlan Qurbanov,
YAP Siyəzən rayon təşkilatının məsləhətçisi



