AnalitikaGündəmSiyasət

33 illik tarixində YAP ölkənin siyasi sabitliyinin və inkişafının dayağı olub

1992-ci ilin noyabr ayı Azərbaycan müasir siyasi tarixində mühüm dönüş nöqtəsi oldu. Bu dövrdə Yeni Azərbaycan Partiyası (YAP) ölkənin siyasi həyatına daxil olaraq xalqın birliyini və dövlətin möhkəmlənməsini təmin edən əsas siyasi qüvvəyə çevrildi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan o vaxt ağır böhranla üz-üzə idi: hakimiyyət zəif, iqtisadiyyat iflic, ərazi bütövlüyü isə təhlükə altında idi. Dövlət idarəçiliyindəki xaos, siyasi qütbləşmə və vətəndaş qarşıdurması ölkəni dağıntı astanasına gətirmişdi. Belə çətin şəraitdə xalqın çağırışına cavab verən, ölkənin xilası naminə məsuliyyəti öz üzərinə götürən şəxs yalnız Ulu Öndər Heydər Əliyev ola bilərdi. 1992-ci il oktyabrın 16-da 91 ziyalının Azərbaycan xalqının adından imzaladığı və “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti tarixi əhəmiyyət kəsb etdi. Bu müraciət Azərbaycanın müxtəlif zümrələrindən olan xalq kütləsini birləşdirəcək Yeni Azərbaycan Partiyasının yaranmasına zəmin yaratdı. Ziyalıların müraciətində vurğulandığı kimi, yalnız Heydər Əliyevin liderliyi ilə yeni partiya xalqın ümidlərini reallığa çevirə bilərdi. Ulu Öndər Heydər Əliyev bu müraciətə müsbət cavab verərək, Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq göstərdi və partiyanın siyasi səhnəyə çıxmasına imkan yaratdı. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis konfransında ölkənin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Bu addım ölkənin siyasi-iqtisadi həyatında boşluğu doldurdu, dövlət quruculuğu işlərinə töhfə verdi və ölkədə sabitliyin bərpası üçün əsas yaratdı. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq dəstəyi ilə Prezident seçildi və Azərbaycanın böhrandan çıxması prosesi başladı. Qısa müddətdə daxili sabitlik təmin olundu, beynəlxalq əlaqələr genişləndi və ölkənin demokratik inkişafı üçün möhkəm təməl qoyuldu.
YAP yaranmasından bəri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadı. Partiya yalnız siyasi təşkilat kimi deyil, həm də idarəetmədə məsuliyyət, peşəkarlıq və milli liderlik məktəbi kimi formalaşdı. Ümummilli Lider Heydər Əliyevin siyasət xətti və ideoloji prinsipləri – vətənə sədaqət, dövlətçiliyə sadiqlik, milli həmrəylik və inkişaf – partiyanın fəaliyyətinin əsasını təşkil etdi. YAP xalqın etimadını qazanaraq ölkədəki bütün seçkilərdə ardıcıl qələbələr qazandı, milli siyasətin və dövlət idarəçiliyinin güclü dayağına çevrildi.
Yeni Azərbaycan Partiyası 1999-cu ildən başlayaraq beynəlxalq sahədə də fəaliyyətini genişləndirdi, digər ölkələrin partiyaları ilə əlaqələr qurdu və qlobal siyasi səhnədə təmsilçilik hüququ qazandı. 2005-ci ilin mart ayında keçirilən III Qurultayda Cənab İlham Əliyev partiyanın sədri seçilərək Yeni Azərbaycan Partiyasının fəaliyyətinə yeni nəfəs verdi. Bu gün partiyanın üzvlərinin sayı 800 min nəfərə yaxınlaşır və onun ideyaları yalnız siyasi çevrələrdə deyil, cəmiyyətin bütün təbəqələrində dəstəklənir. YAP gənclərin siyasi məktəbi, qadınların və veteranların iştirakı ilə geniş sosial bazaya malik partiyadır.
2020-ci ilin payızında Azərbaycan xalqının tarixi ədalətinin bərpası üçün aparılan 44 günlük Vətən müharibəsi zamanı YAP ideoloji xətti milli birliyin qorunmasında mühüm rol oynadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər, Ulu Öndər Heydər Əliyev yolunun parlaq təsdiqi oldu. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramı və regionda yeni geosiyasi reallığın yaradılması partiyanın siyasi xəttinin davamıdır.
33 illik fəaliyyət ərzində YAP həm dövlətin gücünü xalqın iradəsi ilə birləşdirən, həm də gələcək nəsillərə müstəqil, müasir və rifah içində Azərbaycan miras qoyan siyasi institut kimi özünü təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə sadiq qalan partiya, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkənin sosial-iqtisadi yüksəlişinə, milli həmrəyliyinin möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş fəaliyyətini uğurla davam etdirir. Azərbaycan xalqı YAP-ın fəaliyyətinə inamını qoruyur və partiyanın uğurlu siyasi yolunu dəstəkləyir, bu yol isə sabitlik, inkişaf və Zəfər məntiqi ilə gələcək nəsillərə ötürülür.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button