
Prezident İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Görüş dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi, yerlərdə idarəetmənin daha çevik və səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin icra başçıları ilə keçirdiyi görüşdə diqqətə çatdırdığı əsas mesajlar ölkənin hər bir bölgəsinin sosial-iqtisadi tərəqqisini sürətləndirmək, problemləri yerində həll etmək və vətəndaş məmnunluğunu təmin etmək kimi prioritetləri əhatə edir. Dövlət başçısı yerli rəhbərlərin fəaliyyətində təvazökarlıq, məsuliyyət, intizam və xalqa yaxınlıq kimi keyfiyyətlərin mütləq olduğunu xüsusi vurğulayır. Bu isə yeni təyin olunmuş rəhbərlərin qarşısında böyük öhdəliklər vəzifələr qoyur.
Prezident İlham Əliyev hər zaman vurğulayır ki, vəzifə bir üstünlük yox, böyük məsuliyyətdir. Bu etimadın məğzində icra başçılarına qoyulan yüksək tələblər, onlardan gözlənilən nəticələr və dövlət başçısının islahat xəttinə sadiqlik dayanır. Yeni təyinatlar ölkə rəhbərliyinin prinsipial mövqeyinin göstəricisidir. Bölgələrdə idarəetmə şəffaf, ədalətli, xalqla birbaşa təmasda və inkişaf yönümlü olmalıdır.
Dövlət Başçımız çıxışında vurğulayıb ki, rəhbər vəzifəyə təyin olunan hər bir məmur dövlətin maraqlarını, xalqın rifahını və qanunçuluq prinsipini fəaliyyətinin əsas istiqaməti kimi qəbul etməlidir. Qeyd edib ki, bölgələrdə aparılan abadlıq, sosial-iqtisadi inkişaf layihələrinin uğurla və şəffaf şəkildə icrası üçün məmurlar yüksək məsuliyyət göstərməli, xalqa xidmət prinsipini daim rəhbər tutmalıdırlar.
Prezident İlham Əliyev görüşdə həmçinin xüsusi olaraq vurğulayıb ki, “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar..”
Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarına göstərdiyi etimad, dövlət idarəçiliyində məsuliyyətin, peşəkarlığın və xalqa xidmət prinsipinin daha da gücləndirilməsi baxımından mühüm siyasi hadisədir. Son təyinatlar həm regional inkişafın davamlılığını təmin etməyə, həm də yerli icra strukturlarının fəaliyyətində keyfiyyət dəyişikliyi yaratmağa yönəlib.
Bu qəbul bir daha göstərir ki, Azərbaycan dövləti idarəetmədə yenilik, peşəkarlıq və şəffaflıq prinsiplərini rəhbər tutaraq regional inkişaf prosesinə xüsusi önəm verir.
Beləliklə, Prezidentin yeni təyinatları idarəetmədə yenilənmə, dinamizm və məsuliyyət mərhələsinin davamı kimi dəyərləndirilə bilər. Bu etimad həm dövlət başçısının ölkənin hər bir bölgəsinin inkişafına verdiyi önəmin, həm də yerli rəhbərliyə yönəlik yüksək tələblərin təzahürüdür. İcra başçılarının qarşısında duran əsas vəzifə isə bu inamı doğrultmaq, xalqa ləyaqətlə və sədaqətlə xidmət etməkdir.
Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini



