AnalitikaGündəmSiyasət

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra mühüm təyinatlarla əlaqədar yeni təyin edilmiş yerli icra hakimiyyəti başçılarını və Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsini qəbul etmişdir. Görüş zamanı dövlət başçısı qarşıda duran vəzifələr, dövlət idarəçiliyində əsas prinsiplər, regionların sosial-iqtisadi inkişafı, kadr siyasəti və məmur məsuliyyəti ilə bağlı əhəmiyyətli fikirlər səsləndirmişdir. Prezident İlham Əliyevin çıxışı həm dövlət idarəçiliyinin mahiyyətini, həm də müasir dövrdə məmur davranışının əsas meyarlarını əks etdirən konseptual məzmun daşıyır.

Prezident İlham Əliyev çıxışının əvvəlində vurğulamışdır ki, dövlət orqanlarında rəhbər vəzifələrə təyin olunan hər bir şəxs xalqa xidmət missiyasını layiqincə yerinə yetirməlidir. Dövlət başçısı qeyd etmişdir: “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız.” Ölkə rəhbərinin sözlərinə görə etimadı doğrultmaq üçün ilk növbədə xalqa xidmət etməyi fəaliyyətin əsas prinsipi kimi qəbul etmək vacibdir. Dövlət başçısı bildirib ki, rəhbər vəzifədə çalışan hər bir şəxs sadə, təvazökar və vətəndaşlarla sıx təmasda olmalıdır. Onun fikrincə, məmurun davranışı, həyat tərzi və ailə üzvlərinin ictimai münasibətləri belə dövlətin ümumi imicinə təsir göstərir. Buna görə də Prezident İlham Əliyev vurğulamışdır ki, dövlət məmuru həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri ilə xalq qarşısında nümunə olmalıdır.

Prezident İlham Əliyev çıxışında korrupsiya və rüşvətxorluq hallarına qarşı dövlətin dəyişməz mövqeyini bir daha xatırlatmışdır. O qeyd etmişdir ki, hər bir məmur bilməlidir: qanunsuz əməllər və şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq yolverilməzdir. Dövlət başçısı qeyd etmişdir: “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.” Bu bəyanat Prezidentin illərdir həyata keçirdiyi islahatların davamı kimi qiymətləndirilir. Dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, vətəndaş məmnuniyyətinin artırılması və idarəçilik mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər nəticəsində bu gün Azərbaycanda ictimai nəzarət və qanunçuluq prinsipi möhkəmlənmişdir.

Prezident İlham Əliyev eyni zamanda qeyd etmişdir ki, bəzi hallarda keçmişdə mərkəzi icra orqanlarında fəaliyyət göstərən bəzi məmurların qanunsuz göstərişləri regionlarda neqativ hallara səbəb olmuşdur. Lakin bu gün həmin mənfi təcrübə aradan qaldırılıb, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət prinsipi bərqərar edilib. Prezident bu məqamda vurğulamışdır ki, artıq məmur korpusunda sağlamlaşdırma siyasəti həyata keçirilir və heç bir qanunsuz göstərişin verilməsinə yol verilməyəcəkdir. Əgər belə hallar baş verərsə, o zaman ciddi inzibati və hüquqi tədbirlər görüləcəkdir.

Prezident İlham Əliyev çıxışında son illərdə regionlarda aparılan sosial-iqtisadi inkişaf siyasətinin nəticələrinə geniş şəkildə toxunmuşdur. O qeyd etmişdir ki, ölkənin bütün bölgələrində infrastruktur layihələri demək olar ki, başa çatdırılmışdır. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hökuməti regionların inkişafına sistemli yanaşma nümayiş etdirir. Elektrik enerjisi, qazlaşdırma, içməli su və suvarma, magistral və kənd yollarının tikintisi istiqamətində həyata keçirilən layihələr nəticəsində bölgələrdə insanların yaşayış səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Prezidentimiz bildirmişdir: “Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Magistral yollar müasir standartlara cavab verir, kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.’
Eyni zamanda, bütün şəhərlərdə müasir xəstəxanaların, məktəblərin, idman və sosial obyektlərin tikintisi insanların rifahının artırılmasına xidmət edir. Prezidentimiz qeyd etmişdir ki, regionların inkişafı proqramları dövlət büdcəsi və investisiya layihələri hesabına reallaşdırılır və bu proqramların uğurlu icrası nəticəsində bölgələrdə mühüm dəyişikliklər baş verib. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, regionlarda idarəetmənin əsas məqsədi vətəndaşların sosial rifahının təmin edilməsi və sosial ədalət prinsipinin qorunması olmalıdır. Dövlət başçısı vurğulamışdır: “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir.” Prezidentin bu fikirləri göstərir ki, Azərbaycan dövləti sosial siyasətdə vətəndaş mərkəzli yanaşmanı əsas istiqamət kimi qəbul edir. Dövlətin həyata keçirdiyi bütün islahatlar, infrastruktur layihələri və sosial proqramlar məhz vətəndaş məmnuniyyətini artırmaq məqsədi daşıyır.

Prezident İlham Əliyev qeyd etmişdir ki, əvvəllər bəzi məmurların özbaşınalığı və qanunsuz tapşırıqları regionlarda narazılıqlara səbəb olmuşdur. Lakin hazırda həyata keçirilən kadr islahatları nəticəsində bu kimi hallara son qoyulmuşdur. Prezident vurğulamışdır ki, hər bir yerli icra hakimiyyəti rəhbəri öz fəaliyyətində sosial ədalət prinsipini rəhbər tutmalı, vətəndaşların problemlərinin operativ həllinə nail olmalıdır. Bu, həm də dövlətin xalqla birliyinin möhkəmlənməsi deməkdir.

Prezident İlham Əliyev çıxışında ölkədə və regionlarda məşğulluğun artırılması, sahibkarlığın dəstəklənməsi və yerli istehsalın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində işsizlik səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, özünüməşğulluq proqramı minlərlə ailənin rifahına müsbət təsir göstərmişdir. Ölkə rəhbəri bildirib: “Bölgələrdə insanları işlə təmin etmək üçün dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir.” Dövlət başçısı yerli rəhbərlərə tapşırmışdır ki, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaratsınlar, iş adamlarına dəstək göstərsinlər və yeni iş yerlərinin yaradılmasına kömək etsinlər. Bu siyasət həm regionlardan Bakıya miqrasiyanın azaldılmasına, həm də kənd təsərrüfatı və turizm sahələrinin inkişafına şərait yaradır. Prezident vurğulamışdır ki, turizm potensialı yüksək olan bölgələrdə bu sahənin inkişafı iqtisadi canlanmanın əsas istiqamətlərindən birinə çevrilməlidir.

Prezident İlham Əliyev ekoloji məsələlərə də toxunaraq bildirib ki, son illər ərzində Bakıda və Sumqayıtda aparılan kompleks tədbirlər nəticəsində ekoloji vəziyyət köklü şəkildə yaxşılaşmışdır. O qeyd etmişdir ki, vaxtilə ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunan Bakı və Sumqayıt bu gün parklar şəhərinə çevrilmişdir. Prezident deyib: “Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, parklar saldıq, Qara şəhəri Ağ şəhərə çevirdik.” Dövlət başçısı eyni zamanda regionlarda ekoloji tarazlığın qorunmasının vacibliyini xüsusi qeyd etmiş, qanunsuz tikinti və istehsal fəaliyyətinin ətraf mühitə vurduğu ziyanın qarşısının alınması məqsədilə müvafiq göstərişlər verdiyini diqqətə çatdırmışdır. Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu istiqamətdə nəzarətin gücləndirilməsi tapşırılmışdır.

Prezident İlham Əliyev yeni təyin olunmuş icra hakimiyyəti başçılarına konkret tapşırıqlar vermişdir. Bu tapşırıqlar xalqa xidmət və şəffaf idarəetmə, korrupsiyaya qarşı mübarizə, sosial ədalətin təmin edilməsi, iqtisadi inkişaf və məşğulluğun artırılması, ekoloji siyasətin icrası və vətəndaşlarla sıx təmasın saxlanılması istiqamətlərini əhatə edir. Dövlət başçısı vurğulamışdır ki, hər bir məmur fəaliyyətini yalnız xalqa xidmət prinsipi üzərində qurmalı, qanunsuz hərəkətlərə qarşı sıfır tolerantlıq nümayiş etdirməli, əhalinin sosial problemlərinin ədalətli və şəffaf şəkildə həllinə nail olmalıdır.

Prezident İlham Əliyev sonda vurğulamışdır ki, təyin olunmuş bütün rəhbər şəxslər dövlətin və xalqın etimadını doğrultmalı, öz fəaliyyətləri ilə seçilmələrinin düzgün olduğunu sübut etməlidirlər. Əks təqdirdə, lazımi tədbirlər görüləcəkdir. Prezident İlham Əliyevin noyabrın 12-də etdiyi çıxış bir daha göstərdi ki, müasir Azərbaycan dövlətinin idarəetmə modelinin əsasını xalqa xidmət, şəffaflıq, sosial ədalət və məsuliyyət prinsipləri təşkil edir. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər həm məmur davranışı, həm də idarəetmə etikasının yeni standartlarını müəyyənləşdirir. Azərbaycan bu gün iqtisadi, sosial və ekoloji sahələrdə əldə etdiyi nailiyyətlərlə regionda nümunəvi inkişaf modeli kimi tanınır. Bu modelin davamlılığı isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və ölkə daxilində aparılan idarəetmə islahatlarının nəticəsidir. Prezidentin çıxışında səsləndirilən əsas mesaj aydın və birmənalıdır: Azərbaycan dövləti xalqın rifahına xidmət edən, şəffaf, ədalətli və məsuliyyətli idarəçilik kursunu davam etdirəcəkdir. Yeni təyin olunmuş icra hakimiyyəti başçılarının üzərinə düşən vəzifə isə bu siyasəti yerli səviyyədə uğurla həyata keçirmək, dövlət başçısının etimadını doğrultmaq və Azərbaycan vətəndaşlarının rifahı naminə fədakarcasına çalışmaqdır.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button