AnalitikaGündəmSiyasət

Azərbaycan dövlət idarəçiliyində yeni bir mərhələyə qədəm qoyur

12 noyabr 2025-ci ildə Naxçıvanda keçirilən qəbul zamanı Prezident İlham Əliyevin söylədiyi fikirlər Azərbaycan dövlət idarəçiliyində yeni ideoloji mərhələnin əsasını qoydu. Dövlət başçısının çıxışı həm mövcud reallıqların siyasi qiymətləndirilməsi, həm də gələcək fəaliyyət üçün strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” sözləri dövlət qulluğunda şəxsi məsuliyyətin, xalqa xidmət fəlsəfəsinin və rəhbər vəzifənin mahiyyət etibarilə imtiyaz deyil, borc olduğunu bir daha ortaya qoydu.

Qeyd olunub ki, dövlət başçısının “Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır” çağırışı ölkənin məmur idarəçiliyində mənəvi təmizlənmə və yenilənmə prosesinin ardıcıl şəkildə davam etdiyini göstərir. Prezident açıq şəkildə bildirdi ki, korrupsiya, rüşvətxorluq və təkəbbür dövlət siyasətinə zərbə vuran amillərdir və bu cür hallara qarşı bundan sonra da qətiyyətli mövqe sərgilənəcək. Dövlət başçısının vurğuladığı kimi, bölgələrdə aparılan genişmiqyaslı infrastruktur layihələri Azərbaycanın inkişaf xəritəsini əsaslı şəkildə dəyişib, regionları daha dinamik və dayanıqlı inkişaf mərhələsinə çıxarıb.

Çıxışda həmçinin məşğulluğun artırılması, sahibkarlığın gücləndirilməsi, regionlardan paytaxta kütləvi miqrasiyanın qarşısının alınması və yerli potensialın daha səmərəli qiymətləndirilməsi istiqamətində konkret tapşırıqlar verildi. Bununla yanaşı, ekoloji tarazlığın qorunması, qanunsuz fəaliyyətlərin aradan qaldırılması və “yaşıl inkişaf” kursunun genişləndirilməsi ölkənin strateji prioritetləri kimi ön plana çəkildi.

Bu fikirlər göstərir ki, Azərbaycan dövlət idarəçiliyində yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin siyasi iradəsi ilə formalaşan bu mərhələ şəffaflıq, sosial ədalət, məsuliyyətli idarəetmə və xalqın rifahını mərkəzə alan güclü dövlət modelinin təcəssümüdür. Bu yeni idarəçilik fəlsəfəsi həm dövlət strukturlarında daha yüksək intizam və məsuliyyət tələb edir, həm də cəmiyyətin gözləntilərinə uyğun modern və effektiv dövlət sisteminin qurulmasına xidmət edir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button