
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın və səmərəliliyin artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirir. Bu islahatların mühüm mərhələlərindən biri 12 noyabr 2025-ci il tarixində Naxçıvan şəhərində keçirilən qəbul zamanı öz əksini tapıb. Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərək, onların qarşısında çox mühüm vəzifələr qoyub. Bu çıxış, həm yeni təyin olunmuş rəhbərlərə ünvanlanmış inam və etimad mesajı, həm də dövlət idarəçiliyinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O cümlədən 12 noyabr tarixində keçirilən qəbulda Prezident İlham Əliyev bir sıra mühüm təyinatları elan etdi. Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi təyin olundu, həmçinin bir neçə rayonun – Balakən, Göyçay, Qax, Göygöl və Kürdəmir rayonlarının icra hakimiyyətlərinə yeni başçılar təyin edildi. Dövlət başçısı bu görüşdə yeni rəhbərlərə müraciət edərək, onların qarşısına xalqa xidmət, təvazökarlıq və məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyət strategiyası qoydu.
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı



