AnalitikaGündəmSiyasət

Regional İdarəetmədə Yeni Dövrün Başlanğıcı

Respublikamızın Prezidenti cənab İlham Əliyevin yeni icra başçıları təyinatı ölkəmizdə regional idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Prezident bu təyinatlarla həm kadr islahatlarını dərinləşdirir, həm də bölgələrdə şəffaf və xalqa xidmət edən idarəçilik modelini gücləndirir. Dövlət başçısı çıxışlarında bildirib ki, “Hər bir rəhbər şəxs xalqa xidmət etməlidir, rəhbər olmaq demək, xalqdan uzaq olmaq deyil”. Onun sözlərinə görə, “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır”. Bu mesaj yeni təyin olunan icra başçılarının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.

Prezident xüsusilə vurğulayır ki, bölgələr ən yüksək standartlara cavab verməli, aparılan işlər insanların gündəlik həyatında real nəticələr yaratmalıdır. O eyni zamanda xəbərdarlıq edib: “Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər, buna son qoyulacaq”. Bu mövqe göstərir ki, yeni təyinatların əsas məqsədi idarəetmədə məsuliyyət və şəffaflıq prinsipini daha da gücləndirməkdir. Yeni icra başçılarının qarşısına qoyulan əsas vəzifələrdən biri regionlarda sosial-iqtisadi inkişafı sürətləndirməkdir. Cənab Prezident bildirib ki, “Bütün kəndləri gəzib insanlarla təmasda olmaq lazımdır” — bu, yerli problemlərin birbaşa və operativ həllinə xidmət edir. Təyinatlar həm də işsizliklə mübarizə, infrastruktur layihələrinin icrası və vətəndaş məmnunluğunun artırılması kimi prioritetləri əhatə edir.

Dövlət başçısı qeyd edib ki, hər hansı qanunsuz tapşırıq verən məmur barədə dərhal tədbir görüləcək. Bu siyasət göstərir ki, Prezident üçün əsas meyar xalqın rifahı və dövlətə sədaqətlə xidmət etməkdir. Yeni icra başçılarından gözlənti ondan ibarətdir ki, göstərilən etimadı əməli fəaliyyəti ilə doğrultsunlar. Bu təyinatlar həm də dövlət idarəçiliyinin təmizlənməsi və yeniləşməsi prosesinin tərkib hissəsidir. Prezidentin qərarları regionların inkişafına yeni dinamika gətirir. İdarəetmədə şəffaflıq, hesabatlılıq və xalqa yaxınlıq əsas prinsiplər kimi yenidən təsdiqlənir. Beləliklə, cənab Prezidentin yeni təyinat siyasəti ölkənin gələcək inkişafı üçün mühüm strateji addım olaraq qiymətləndirilir.

Tamerlan Qurbanov,
YAP Siyəzən rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button