
Xalqın səsi hakim səslə birləşəndə.
Prezident İlham Əliyevin rəhbərlik fəlsəfəsi dövlət idarəçiliyində yeni mərhələnin əsasını qoyub.
Bilinənin əksinə ,bir dövlətin gücü təkcə ordusunun qüdrətində, sərvətinin çoxluğunda və ya iqtisadi göstəricilərinin böyüklüyündə deyil. Dövlətin əsl gücü onun rəhbərliyinin xalqa olan münasibətində gizlidir. Çünki, xalq dövlətin nəfəsidir, iradəsidir. O iradə sarsılsa, heç bir iqtisadi artım, heç bir güc onu əvəz edə bilməz.
Prezident İlham Əliyevin son görüşlərində nazirlərə və icra başçılarına etdiyi çıxışlar məhz bu fəlsəfənin sədasıdır. Hər bir kəlməsi dövlət idarəçiliyinin gələcək istiqamətini müəyyən edən, xalqla münasibətdə məsuliyyətin, dürüstlüyün və təvazökarlığın əhəmiyyətini, zərurətini göstərən bir dövlətçilik dərsidir.
“Xalqdan üstün söz yoxdur” – bu, siyasi bəyanat deyil, idarəçilik fəlsəfəsidir
Prezidentimizin fikirlərində diqqət çəkən ən önəmli məqam odur ki, O, xalqa münasibəti sadəcə siyasi bir çağırış kimi deyil, idarəçiliyin əsası kimi təqdim edir.
Onun dediyi kimi: “Xalqla düzgün rəftar edin, xalqın sözünü dinləyin, xalq sizə etibar edib, siz o etimadı doğrultmalısınız.”
Bu cümlə, sadəcə bir tövsiyə deyil, bu, dövlət məmurunun varlıq səbəbini xatırladan xəbərdarlıqdır. Prezidentimiz dönə-dönə vurğulayır ki , xalqın səsi, xalqın ağrısı, xalqın tələbi kabinetlərdə unudulan sənədlər olmamalıdır
Prezidentimizin bu çağırışı həm də açıq bir mesajdır: artıq xalqdan uzaq Sovet idarəçilik dövrü çoxdan bitib. Müasir Azərbaycan artıq şəffaf, xalqla nəfəs alan, xalqın səsini duyan bir dövlət kimi formalaşır.
Demokratik dövlətin dirəyi onun xalqıdır. Dövlətin gücü xalqın etimadında, rəhbərin ədalətində, idarəçiliyin şəffaflığındadır. Prezident İlham Əliyevin : “Dövlət xalq üçündür, xalq dövlət üçün deyil” – ifadəsi onun dövlətçilik siyasətinin açar ifadəsidir.
Prezidentimizin rəhbər mövqelərdəki şəxslərlə olan görüşləri də sadəcə inzibati toplantılar deyil, yeni dövlət idarəçiliyinin xəritəsini müəyyənləşdirən çıxışlardır. Prezidentin “xalqla düzgün rəftar edin”, “xalqın sözünü dinləyin”, “insanlara yuxarıdan aşağı baxmaq ən böyük səhvdir” kimi mesajları təkcə məmurlara deyil, bütöv idarəetmə sisteminə ünvanlanmış xəbərdarlıqdır.
Prezidentin fikirlərində bir mühüm məna var. Ona görə xalq sadəcə seçici deyil, dövlətin istiqamətvericisidir.
Ona görə də İlham Əliyev dəfələrlə vurğulayır ki, məmur xalqdan qopsa, xalqın dərdinə biganə qalsa, onun kreslosu uzunömürlü ola bilməz. Bu, sadəcə xəbərdarlıq deyil, yeni idarəçilik məktəbinin başlanğıcıdır.
“Xalqdan üstün söz yoxdur”- bu, İlham Əliyevin rəhbərlik tərzini izah edən cümlədir. Xalqın səsini eşitmək, xalqla danışmaq, onun sevincini və dərdini bölüşmək hər bir icra başçısının, hər bir nazirin, rəhbər vəzifədə çalışan hər bir məmurun birbaşa vəzifəsidir.
Prezidentin bu yöndə həyata keçirdiyi islahatlar təkcə struktur dəyişiklikləri ilə məhdudlaşmır.
Əvvəllər məmur vətəndaşın qarşısında üstün tərəf kimi dayanırdı. İndi isə Prezidentin formalaşdırdığı yeni modeldə məmur xalqa xidmət edən şəxs, vətəndaş isə əsas tərəfdaş kimi qəbul edilir.
Bu ideyanın ən parlaq nümunələrindən biri ASAN Xidmət lahiyəsidir. Bu qurum təkcə xalqa rahatlıq gətirmədi, o, dövlətin üslubunu dəyişdi.
Prezident İlham Əliyev ASAN xidmətin uğurundan danışarkən demişdi: “Məmur xalq üçün çalışmalıdır. Dövlətin məqsədi insanlara xidmət göstərməkdir.” Bu, bir cümlə kimi sadə, amma bir dövlət sistemi üçün inqilabi məzmun daşıyır.
Bu yanaşma son illərdə DOST mərkəzləri, Elektron hökumət və “Açıq bələdiyyə” lahiyələrində də davam etdirilib. Vətəndaş artıq qapı-qapı gəzmədən, illərlə gözləmədən qısa müddət ərzində dövlətə müraciət edə bilir.
Prezidentin “şəffaflıq, operativlik, vətəndaş məmnuniyyəti” prinsipləri artıq bütün dövlət idarəçiliyinin əsas sütununa çevrilib.
İlham Əliyevin icra başçılarına dediyi fikirlərdə bir tək məqsəd var. Dövlət məmuru xalqa arxa çevirməsin.
Prezident dəfələrlə açıq şəkildə bildirib ki, xalqın etimadını doğrultmayan, vətəndaşın dərdinə laqeyd qalan, xalqın inamını itirən hər bir məmur vəzifəsində qala bilməz.
Son illərdə məhz bu prinsipə əsasən bir sıra icra başçıları, nazirlik rəhbərləri və yüksək vəzifəli şəxslər vəzifədən azad edilib. Bu, sadəcə kadr dəyişikliyi deyil, dövlətin ciddiliyinin, Prezidentin prinsipiallığının göstəricisidir.
Bu qərarlarla İlham Əliyev bir daha sübut etdi ki, dövlət məmurunun toxunulmazlığı yoxdur. Toxunulmaz olan yalnız xalqın inamıdır.
Prezidentin hər bir çıxışında diqqətə çarpan əsas fikir budur ki, xalqla birbaşa ünsiyyət dövlətin gücünü artırır.
Ona görə də o, məmurlara dəfələrlə tapşırır ki, insanlarla görüşsünlər, onların problemlərini dinləsinlər, sosial şəbəkələrdən, açıq platformalardan istifadə etsinlər. İlham Əliyevin bu çağırışının arxasında çox mühüm bir reallıq dayanır.
Prezident İlham Əliyevin islahatları, onun rəhbərliyi ilə korrupsiyaya qarşı aparılan sistemli mübarizə, şəffaflığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, sosial siyasətin gücləndirilməsi yalnız bir məqsədə xidmət edir.- Dövlətin vicdanlı, demokratik dövlət simasını , mövqeyini qorumaq.
“Xalqın etimadı dövlətin ən böyük sərvətidir.”
Bu, İlham Əliyevin idarəçilik mövqeyini bir cümlə ilə izah edir. Əgər xalq dövlətinə inanırsa, demək, o dövlətin gələcəyi var.
Prezident İlham Əliyev bu gün artıq postmüharibə dövründə yeni bir mərhələni başlayıb.
“Xalqla birlikdə güclü dövlət qurmaq mərhələsi.”
İkinci Qarabağ Zəfərindən sonra yaranan milli ruh, xalqın dövlətə olan sevgi və inamı, dövlət başçısının təvazökar, ədalətli, xalqla yaxın üslubu Azərbaycan dövlət idarəçiliyini yeni səviyyəyə daşıyıb.
Dövlət başçısının davranışı özü məmurlara dərsdir. Sadəlikdə böyüklük, təvazökarlıqda güc, ədalətdə liderlik var.
O, xalqa yuxarıdan baxmır, xalqa tərəf baxır. Və bu yüksəklik Azərbaycanın sabahını müəyyənləşdirir.
Prezident İlham Əliyevin son görüşlərində səsləndirdiyi fikirlər təkcə məsləhət deyil, yeni dövlət idarəçiliyinin ideoloji manifestidir.
Xalqı dinləmək, xalqın dərdinə biganə qalmamaq, xalqıa davranışda ədaləti qorumaq Azərbaycan məmurunun əsas vəzifəsidir.
Mən bir müəllim kimi Prezident İlham Əliyevin bu çıxışlarını sadəcə siyasi nitq deyil, xalqyönümlü dərs kimi qəbul edirəm. Çünki burada dövlət idarəçiliyindən çox, xalqı düşünən rəhbər mövqeyi var.
Bu, şagirdlərə, gənc nəslə örnək olacaq bir davranış modelidir. Ədalətli olmağı, xalqa hörmətlə yanaşmağı, məsuliyyət daşımağı rəhbərdən öyrənmək hər bir vətəndaş üçün xüsusidir.
Mən hər gün sinif otağında gənclərə təkcə ingilis dili yox, həm də vətəndaşlıq dərsi öyrədirəm. Prezidentin bu çıxışları, mesajları mənim üçün zehnimdə əzbər tutduğum tədris materialıdır. Vicdanla işləməyin, xalqın inamını qorumağın, sadəliyin böyüklüyünü vurğulayan bu çıxışların hər biri tarixə iz salacaq sitatlardır.
Bu sözlərdən sonra bir müəllim kimi daha aydın anlayıram ki, ölkə yalnız iqtisadi göstəricilərlə deyil, əxlaqi, vicdanlı idarəçiliklə yüksəlir, o zaman bu xalq sarsılmaz olur. Prezident İlham Əliyevin xalqa bağlılıq, ədalət və sadəlik çağırışları məhz bu birliyin mənəvi əsasını qoyur.
Və mən inanıram ki,: xalqla birləşən dövlət- müəllimlə, gənclə, zəhmətkeşlə, sadə insanla birləşən Vətən daima qalib olacaq
Rüstəmli Gülnarə,
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin müəllimi



