
Bildiyimiz kimi, XIX əsrdə isə Bakıda yeni neft müəssisələri fəaliyyətə başlamaqla, bura dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir Sonradan o, “qara qızılın” emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdı. Lakin Qara şəhər iqtisadiyyatımıza və neft sənayesinin inkişafına töhfələr verməklə yanaşı, paytaxtın ekoloji mühitini korlayırdı. Torpaqlar neftlə çirklənir, eyni zamanda, istehsalat obyektlərinin qarışıq şəkildə yerləşdirilməsi, həmin ərazidə yaranan çirkab və istehsalat tullantılarının birbaşa Xəzər dənizinə axıdılmasına və digər fəsadlara gətirib çıxarırdı. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı və bu yaşayış məntəqəsi xalq arasında “qara şəhər” adlandırılmağa başladı. XIX əsrin ikinci yarısında sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü.
Dövrümüzdə ölkəmizin hər bir guşəsini gözəlləşdirməyə yeni imkanlar açılmışdır. Vaxtilə mərhum Prezidentimiz Heydər Əliyevin də dediyi kimi: “Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir.” Əlbəttə, belə də oldu: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” hazırlanmışdır.
Bu layihə çərçivəsində hazırda, Bakı buxtasının mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi üçün indiyə kimi görünməmiş şərait yaranmışdır.Təməlqoyma mərasiminin 2011-ci ilin dekabrında qoyulduğu Bakı Ağ Şəhər layihəsi möhtəşəmliyi ilə seçilir. Burada görülmüş işlərin peşəkarlığı şəhərsalmanın müasirliyini təmin etməklə, Bakını dünyanın qabaqcıl şəhərləri səviyyəsinə çıxarır. Həmçinin, bu layihənin həyata keçməsi ilə Qara Şəhərin sənaye siması keçmişdə qalaraq və yerini Bakı Ağ Şəhər adlı rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə Bakı şəhərinin yeni müasir mərkəzinə çevrilmişdir. Layihə çərçivəsində müasir tikililərlə yanaşı, Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, məşhur kimyaçı Dmitri Mendeleyev tərəfindən təklif edilmiş və dünyada ilk dəfə Bakıda tətbiq olunmuş ağ neftin ikiqat təmizlənməsi qurğuları bərpa edilib, XIX əsrə aid neft anbarlarının istinad divarı və əhaliyə təmiz suyun paylanmasını təmin edən meydança da gələcək nəsillərin tarixi yaddaşı üçün qorunub saxlanılıb. Neft anbarlarını əhatə edən istinad divarı boyunca Olimpiya məhəlləsinə piyada keçidi salınıb. Buradakı yaşıllıq zolağında layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.
Bakı Ağ Şəhər layihəsi müxtəlif həcmli yaşayış tikililərinin böyük seçimini ilə göz oxşayır. Buradakı binalar müasir memarlıq üslubunu özündə əks etdirir.
İllər keçdikcə burada görülmüş tədbirlər tədricən Qara şəhəri tarixə çevirir, ərazi müasir şəhər mərkəzi görkəmi alır. Keçmişdə və bu gün çəkilmiş fotolar iki dövr arasındakı fantastik fərqi əyani şəkildə göstərir. Bir neçə gün öncə Prezidentimiz Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən toxunduğu məsələlərdən biri də, regional inkişaf eləcə də, “Ağ Şəhər”də bərpa işlərinin aparılmasıdır. İlham Əliyevin də qeyd etdiyi kimi, biz Qara şəhəri Ağ şəhərə çevirdik!
Beləliklə də, dünyanın qədim neft sənaye mərkəzi olan Bakı dövrümüzdə həyata keçirilən irimiqyaslı layihələr sayəsində dünyanın ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə etmişdir!
Abbasova Zümrüd
Xəzər rayonu, 237 saylı tam orta məktəbin direktoru



