AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının KonstitusiyasıGünü

Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin ən mühüm dövlət bayramlarından biridir. Hər il noyabrın 12-də qeyd olunan bu gün Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yer tutur. Çünki məhz həmin tarixdə — 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir.

Bu hadisə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Konstitusiyanın qəbul edilməsi dövlət müstəqilliyimizin hüquqi cəhətdən möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının təminatına, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna möhkəm təməl yaratdı.
Azərbaycan Konstitusiyası xalqın iradəsini ifadə edən, ölkənin siyasi, iqtisadi və sosial həyatını tənzimləyən ali hüquqi sənəddir. O, dövlətin idarəçiliyində ədalət, bərabərlik, qanunun aliliyi və insan hüquqlarına hörmət prinsiplərini əsas götürür.
1995-ci ildə qəbul edilən bu sənəd, xalqın öz taleyinə sahib çıxmasının, müstəqil dövlət qurmaq iradəsinin bariz ifadəsidir. Konstitusiyanın hazırlanması prosesi dərin elmi, hüquqi və ictimai müzakirələrlə müşayiət olunmuş, nəticədə milli dövlətçiliyin ruhunu əks etdirən mükəmməl hüquqi baza formalaşmışdır.
Azərbaycan Konstitusiyasına illər ərzində bir neçə dəfə dəyişikliklər və əlavə edilərək, dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bütün bu islahatların məqsədi ölkənin hüquqi sistemini müasirləşdirmək, vətəndaşların hüquqlarını daha səmərəli qorumaq və idarəetmədə şəffaflığı təmin etmək olmuşdur.
Bu gün Konstitusiyanın müddəaları Azərbaycan dövlətinin hər bir sahəsində özünü göstərir. Ölkəmiz müstəqil, güclü, demokratik dövlət kimi inkişaf edir, beynəlxalq arenada öz sözünü deyən bir respublikaya çevrilib.
Konstitusiya Günü təkcə hüquqi bayram deyil, həm də xalqımızın azadlıq, suverenlik və ədalət prinsiplərinə sadiqliyinin təntənəsidir. Bu gün biz dövlətimizin əsasını təşkil edən dəyərləri bir daha yad edir, Konstitusiyamızın qorunması və yaşadılması naminə həmrəyliyimizi nümayiş etdiririk.
Nəticə etibarilə, 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın tarixində azadlıq, ədalət və müstəqillik ideyalarının təcəssümüdür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamla baxmağın simvoludur.

Sevda Ağazadə
Bakı Slavyan Universitetinin Sosial Elmlər və Regionşünaslıq fakültəsinin Jurnalistika ixtisası üzrə 4cü kurs tələbəsi

Oxşar Xəbərlər

Back to top button