AnalitikaGündəmSiyasət

Vəzifəli şəxslərin əsas vəzifəsi xalqla bir yerdə olmaq və xalqa xidmət etməkdir

Məlum olduğu kimi, noyabrın 12-də Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə başçıları təyin edib. Təyinatlarla əlaqədar rəhbər şəxsləri qəbul edən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib, eyni zamanda ciddi xəbərdarlıq fikirlərini də çatdırıb. Bu görüş həm də Prezidentin regionlarda müşahidə olunan inkişafın davamlılığı və məmur-işçi korpusunda səmərəlilik, şəffaflıq prinsiplərinin yerinə yetirilməsi ilə bağlı çağırışlarını özündə ehtiva edir.

Prezident İlham Əliyev yeni təyinat alan şəxslərə təvazökar olmağı məsləhət görüb. Dövlətimizin başçısı bildirib ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar.

Prezident İlham Əliyev bildirib ki, vəzifəli şəxslərin əsas vəzifəsi xalqla bir yerdə olmaq, xalqa xidmət etməkdir. Dövlət başçısı bəzi neqativ hallara da diqqət çəkib: “Prezident İlham Əliyev bəzi hallarda məmurların korrupsiyaya, rüşvətxorluğa düçar olduqlarını, lakin hazırda məhkəmə, qanun qarşısında cavab verdiklərini də qeyd edib. Bu mənada dövlət başçısı bir daha xəbərdarlıq edərək deyib ki, korrupsiya, rüşvətxorluq halları cəzasız qalmayacaq, qanunsuz hərəkət edən məmurlar cavabdeh olacaq. Bununla yanaşı məmurlar bölgələrdə sosial-ədalət prinsipinin təmin olunmasına çalışmalı, hər bir kənddə və rayonda insanların ədalətli şəkildə imkanlara malik olmasını təmin etməlidir. Həmçinin, yerlərdə işsizliklə mübarizə aparmalı, sahibkarlıq mühitini yaxşılaşdırmalı, kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsini təmin etməlidir. Eləcə də ekologiyanın qorunması, çayların məcralarının qanunsuz dəyişdirilməsi və s. kimi ətraf mühit məsələlərini də daim diqqət mərkəzində saxlamalıdır.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button