
Azərbaycanın konstitusiya quruluşunun tarixi xalqın müstəqillik, azadlıq və ədalətli idarəetmə arzusu ilə sıx bağlıdır. Bu yol XIX əsrin sonlarından başlayaraq, dövlət idarəçiliyinin hüquqi əsaslarının formalaşması istiqamətində mühüm mərhələlərlə zəngindir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentli respublika idarəetmə forması təsbit olundu, konstitusiya layihəsi hazırlandı, lakin siyasi səbəblər ucbatından qəbul edilə bilmədi. Buna baxmayaraq, həmin dövrün hüquqi düşüncəsi müasir Konstitusiyanın ideya qaynaqlarından birinə çevrildi.
1920-ci ildə Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan SSR-nin konstitusiya dövrü başlandı. 1921, 1937 və 1978-ci illərdə qəbul edilən konstitusiyalar sosialist ideologiyasına əsaslanaraq dövlətin quruluşunu müəyyənləşdirdi. Bu sənədlər dövrün siyasi sisteminə uyğun tərtib olunsa da, xalqın milli kimliyi və dövlətçilik iradəsi tam ifadə olunmurdu. Bununla belə, bu mərhələlər hüquqi idarəetmə təcrübəsinin formalaşmasında mühüm rol oynadı.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni hüquqi sistemin qurulması zərurəti ilə qarşılaşdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan işlər nəticəsində 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu sənəd xalqın iradəsini və dövlətin suverenliyini əks etdirərək, demokratik, hüquqi və dünyəvi dövlətin əsasını qoydu.
Bu gün Azərbaycan Respublikasının konstitusiya quruluşu xalqın seçimi və dövlətin dayanıqlılığını təmin edən ali hüquqi sistemdir. O, müasir dövrün tələblərinə cavab verən şəkildə daim təkmilləşdirilir və gələcəyə yönəlmiş dövlət idarəetmə modelinin təməlini təşkil edir.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı



