
Azərbaycanın ən qədim şəhərlərindən biri, Qarabağın tacı sayılan Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Şəhərin işğalı zamanı çoxlu sayda mülki əhali həlak olmuş, evlər, məscidlər, tarixi abidələr və mədəniyyət ocaqları dağıdılmışdı. 28 il ərzində işğal altında qalan bu müqəddəs torpaq Azərbaycan xalqının qəlbində dərin ağrı və nisgil kimi yaşamışdı.
Lakin illər keçdikcə Azərbaycanın iqtisadi və hərbi gücü artmış, dövlətimizin beynəlxalq mövqeyi möhkəmlənmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü ordu quruculuğu siyasəti, ölkənin iqtisadi müstəqilliyinin təmin olunması və xalq-iqtidar birliyi sayəsində 2020-ci ildə tarix dəyişmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks hücum əməliyyatlarına başlamış, qısa müddət ərzində şəhər və kəndlərimiz işğaldan azad edilmişdir. Hər bir əməliyyat növbəti mərhələyə – Şuşanın azad olunmasına aparan yol idi.
Noyabrın əvvəllərində başlayan Şuşa uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır və eyni zamanda, ən həlledici mərhələsi idi. Dağlıq relyef, əlverişsiz hava şəraiti və düşmənin möhkəmləndirilmiş mövqelərinə baxmayaraq, Azərbaycan əsgəri misilsiz igidlik və vətənpərvərlik nümayiş etdirdi.
Ən diqqətçəkən məqamlardan biri odur ki, Şuşa əməliyyatında ağır texnika demək olar ki, istifadə olunmadı. Azərbaycan xüsusi təyinatlı qüvvələri piyada yollarla, qayalıqları dırmaşaraq şəhərə daxil oldular. Əsgərlər döyüşü küçə-küçə, ev-ev apararaq işğalçı qüvvələri şəhərdən qovdular.
2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində tarixi xəbəri elan etdi: “Əziz xalqım, bu gün böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Şuşa şəhəri azad edildi. Şuşa bizə qayıtdı! Bu, bizim tarixi qələbəmizdir!”
Bu sözlər hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu. Şuşanın azadlığı Ermənistan ordusunun müqavimətini tam sındırdı və qısa müddət sonra – 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT-nin qətnamələri reallıqda icra olundu.
Şuşanın azad edilməsindən qısa müddət sonra, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2021-ci il yanvarın 14-də şəhərə ilk dəfə səfər edibər. Bu səfər Şuşanın yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Bu səfər zamanı Prezident Şuşa qalası, Yuxarı Gövhərağa məscidi, Natəvan bulağı, Vaqifin məqbərəsi və digər tarixi yerləri ziyarət etmiş, şəhərdə bərpa və yenidənqurma işlərinə başlanması barədə tapşırıqlar vermişdir.
Sonrakı illərdə Prezident İlham Əliyev Şuşaya dəfələrlə səfər etmiş, aparılan bərpa işləri ilə yerində tanış olmuşdur.
2021-ci il mayın 12-də keçirilən “Xarıbülbül” Musiqi Festivalında Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı Şuşanın mədəniyyət paytaxtı kimi dirçəlişinin əsasını qoymuşdur.
2022-ci ildə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş və şəhər beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir.
2023-cü və 2024-cü illərdə Prezident İlham Əliyev Şuşada yeni yolların, yaşayış binalarının, məktəblərin, mehmanxanaların açılışında iştirak etmiş, “İsa bulağı”, “Daşaltı yolu” kimi layihələrin icrasına start vermişdir.
Prezidentin hər bir səfəri Şuşanın Azərbaycanın mədəni, turistik və iqtisadi mərkəzinə çevrilməsi yolunda mühüm mərhələ olmuşdur.
Şuşanın azad edilməsi Azərbaycan tarixində dövlətçilik, vətənpərvərlik və milli birliyin ən parlaq təzahürlərindən biridir. Bu gün Şuşa azaddır, abadlaşır, yenidən dirçəlir.
Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri



