AnalitikaGündəmSiyasət

Zəfər Gününün Əhəmiyyəti və Dövlət Suverenliyinin Tam Bərpası

8 Noyabr Zəfər Günü Azərbaycan dövlətinin və xalqının tarixində dönüş nöqtəsidir. Bu gün təkcə torpaqların azad edilməsini deyil, həm də dövlətçilik ideyasının gücünü, milli iradənin əzmini və strateji düşüncənin uğurunu ifadə edir. Azərbaycan 30 ilə yaxın işğala məruz qalsa da, heç vaxt bu vəziyyəti qəbul etmədi. İllər boyu ədalətin bərpası üçün siyasi, iqtisadi və hərbi müstəvilərdə addımlar atıldı.

İşğal illərində bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşmüşdür. Bu insanlar üçün Qarabağ yalnız vətən deyil, həm də mənəvi yaddaş mərkəzi idi. Onlar üçün torpaqların azad edilməsi təkcə siyasi qərar deyil, ata ocağına dönüş demək idi. Dövlət bu insanların sosial müdafiəsini, mənzil təminatını, məşğulluğunu prioritet istiqamətə çevirdi.

Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan dövlətinin suverenliyi bərpa olundu. Lakin mübarizə bununla bitmədi. Separatçı qrupların cəhdləri 2023-cü ilin anti-terror əməliyyatı ilə birdəfəlik aradan qaldırıldı. “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.” Bu, Azərbaycanın siyasi iradəsinin qətiyyətinin dünyaya nümayişi idi.

Zəfər Günü həm də Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi ilə əbədiləşdirilir. Bu kompleks gələcək nəsillər üçün tarixi yaddaş mənbəyi olacaq — mübarizənin, qələbənin və milli qürurun simvolu kimi. Bu, həm də Qələbənin unudulmaması, qəhrəmanlarımızın adlarının daim yaşadılması deməkdir.

Şəhid ailələri və qazilər dövlət siyasətinin mərkəzindədir. “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır.” “YAŞAT” Fondu, tibbi və sosial reabilitasiya proqramları, psixoloji dəstək və məşğulluq layihələri geniş şəkildə həyata keçirilir.

Zəfər Günü xalqa güc və qürur hissi bəxş edir. Bu gün birlik, dövlətçilik və vətən sevgisinin təntənəsidir. “Bu şanlı tarix bizimlə əbədi olacaq.”

Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri

Oxşar Xəbərlər

Back to top button