AnalitikaGündəmSiyasət

Azərbaycanın Qələbə Yoluna Aparan Gücü: Milli Birlik və Ordunun Möhkəmlənməsi

Azərbaycanın 2020-ci ildə əldə etdiyi Qələbə sadəcə hərbi əməliyyatların uğurlu nəticəsi deyildi. Bu Zəfərin əsasında uzun illərin düşünülmüş dövlət siyasəti, xalqın milli iradəsi və Prezident İlham Əliyevin uzaqgörən və prinsipial liderliyi dayanırdı. Müzəffər Ali Baş Komandanın hələ işğal dövründə dediyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Bu sözlər təsadüfi deyildi – onlar bir strateji hədəfin ifadəsi idi.

İşğal altında olan torpaqlar Azərbaycan xalqının qəlbində heç zaman unudulmadı. Bu həsrət milli düşüncədə mübarizə iradəsini gücləndirdi. Dövlət tərəfindən həyata keçirilən hərbi-siyasi islahatlar, büdcədə hərbi xərclərin ilbəil artırılması və Silahlı Qüvvələrin müasirləşdirilməsi, dron texnologiyaları, kəşfiyyat-əməliyyat inteqrasiyası və zabit heyətinin yeni döyüş psixologiyası ilə yetişdirilməsi qələbəyə gedən yolun vacib mərhələləri idi. “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq.”

Azərbaycan xalqı bütün dövrlərdə ordusunu dəstəklədi. Müharibə başladıqda hər bir ev, hər bir qəhrəman ocağı, hər bir ailə cəbhə ruhu ilə yaşadı. Cəbhədə döyüşən igidlərimizin şüarı “öldü var, döndü yoxdur” idi. Bu, yalnız hərbi şüar deyildi — bu, xalqın qəlbində yaşayan Qarabağ eşqinin ifadəsi idi. Hər bir əsgər Vətəni azad etmək üçün döyüşürdü və bilirdi ki, arxasında milyonlarla insan dayanır.

44 günlük müharibə yalnız cəbhə xətti ilə məhdudlaşmırdı. Bu, həm də informasiyanın, diplomatiyanın və psixoloji üstünlüyün müharibəsi idi. Azərbaycan Ordusunun XXI əsrin müharibəsini aparması dünya hərbi strateqlərinin diqqətini cəlb etdi. “XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.” Bu, təkcə qələbə deyil, həm də nüfuzun təsdiqi idi.

Qələbə həm də bölgədə yeni geosiyasi reallıq yaratdı. Ermənistan kapitulyasiya aktına imza atmalı oldu və Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanındı. Lakin Azərbaycan qalib tərəf kimi sülh çağırışı etdi: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh.” Bu, sülhün güclü tərəfdən irəli sürülən təməl şərti idi.

Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq dövrü başladı. “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.” Bu gün yollar, hava limanları, tunellər, elektrik və su infrastrukturu sürətlə bərpa edilir, kəndlər yenidən qurulur və Böyük Qayıdış prosesi davam edir.

Qələbənin mənəvi dayağı isə xalqımızın birliyi idi. “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır.” Bu birlik 8 Noyabrı sadəcə rəsmi bayram deyil, millətin ruhunun qalibiyyət günü edir.

Azər Əhmədov,
Respublika Pediatriya Mərkəzinin direktoru, Mirəsədulla Mirqasımov küçəsi 2 ( RPM PHŞ) üzrə ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button