
1992-ci ilin mayında Şuşanın işğalı Azərbaycan xalqı üçün böyük faciə idi. Bu şəhər itiriləndə yalnız torpaq deyil, həm də tarix, mədəniyyət, şərəf və kimlik sanki yaralandı. Üzeyir bəyin, Bülbülün, Natəvanın ruhu əsir qaldı. İllərlə hər bir azərbaycanlının qəlbində Şuşa qayıdış arzusu yaşadı. Müharibədən sonra yaranan qaçqınlıq problemi, torpaq itkisi və beynəlxalq ədalətsizliklər ölkənin həyatına dərindən təsir göstərsə də, Azərbaycan geri dönmək əzmini heç vaxt itirmədi. Bu müddət ərzində xalqın səbrini, dövləti gücləndirməsini və beynəlxalq münasibətlərin formalaşdırılmasını imtahan edən çətin proses yaşandı. Şuşanın azad edilməsi təkcə hərbi əməliyyatın nəticəsi deyil, bir millətin tarixi haqqının bərpası, milli kimliyinin və qürurunun təntənəsidir. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, strateji və mənəvi məntəqə olan Şuşaya gedən yol tarixi hadisələrlə, siyasi gərginliklərlə və xalqın əsla sınmayan iradəsi ilə zəngindir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Şuşa Zəfəri təkcə hərbi qələbə deyil, həm də milli iradənin, xalq birliyinin və 30 il davam edən ədalət mübarizəsinin simvoludur. Bu qələbəyə aparan yol uzun, çətin, lakin qürurla dolu bir yol olmuşdur. 1992-ci ildə Şuşanın işğalı azərbaycanlıların yaddaşına dərin yara kimi həkk olundu. Dağlar tacı olan bu şəhərin düşmən tapdağı altında qalması təkcə Qarabağ üçün deyil, bütün Azərbaycan üçün milli faciə idi. Lakin xalq heç zaman Şuşanı unutmamış, onu azad görmək istəyindən dönməmişdir. İllər boyu ölkədə həm siyasi, həm diplomatik, həm də hərbi sahələrdə böyük hazırlıq aparıldı. Ordunun gücləndirilməsi, beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, xalqın və dövlətin birlik iradəsi əsas həlledici faktorlar idi. 2020-ci ilin payızında başlanan Vətən müharibəsi bu uzun yolun həlledici mərhələsinə çevrildi. Döyüş meydanlarında Azərbaycan əsgərinin göstərdiyi rəşadət, ağıllı hərbi strategiya və cəsarət tarixi dönüş yaratdı. Şuşanın azad edilməsi isə bu qələbənin zirvəsi oldu. Azərbaycanın igid xüsusi təyinatlıları əfsanəvi əməliyyat həyata keçirərək, əlbəyaxa döyüşlərlə şəhərə daxil oldular. Çətin dağ yolları, qayalıqlar və düşmənin möhkəm istehkamları qarşısında əyilməyən iradə nəticəsində 8 noyabr 2020-ci ildə Şuşa azad edildi. Şuşanın azadlığı Azərbaycanın tarixi ədalətinin bərpası deməkdir. Bu zəfər xalqın mənəvi gücünü, ordumuzun gücünü və dövlətin qətiyyətini dünyaya nümayiş etdirdi. Bu gün Şuşa yenidən dirçəlir, mədəniyyət beşiyi olaraq öz əvvəlki gözəlliyini bərpa edir. “Xarıbülbül” festivalı, mədəniyyət tədbirləri, bərpa və quruculuq işləri Şuşanın yenidən Azərbaycanın incisi kimi yüksəlişini təsdiqləyir. Şuşa Zəfəri yalnız keçmişin qəhrəmanlıq salnaməsi deyil, həm də gələcəyin inkişaf manifestidir. Bu zəfər hər bir azərbaycanlıya güc, qürur və inam verərək göstərdi ki, birlikdə mümkün olmayan heç nə yoxdur. Şuşa azaddır, Şuşa Azərbaycanındır və əbədi olaraq Azərbaycan olaraq qalacaq!
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



