
Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə vurğulayırdı ki, ötən onilliklər ərzində Azərbaycan ilə Qazaxıstan arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyətə başlamışdır.
İki ölkə arasında münasibətlərin inkişafında növbəti addım olan dövlət başçıları səviyyəsində görüş 1996-cı il mayın 14-də, EKO-nun dövlət başçılarının zirvə toplantısında keçirilmiş. Görüş zamanı Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət etmişdir. 1996-cı il sentyabrın 16-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Heydər Əliyevin və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Səfər çərçivəsində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında munasibətlərin əsasları haqqında Muqavilə, investisiyaların təşviqi və qorunması haqqında
saziş, neft qaz sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, hava əlaqəsi haqqında saziş, Xəzər dənizi məsələləri uzrə Birgə Bəyannamə, Azərbaycan Respublikası Xarici İslər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İslər Nazirliyi arasında əməkdaslıq haqqında saziş, Azərbaycan Respublikası Milli təhlukəsizlik nazirliyi ilə Qazaxıstan Respublikası Milli Təhlukəsizlik Komitəsi arasında əməkdaslıq və qarsılıqlı fəaliyyət haqqında saziş, Azərbaycan Respublikasının Milli bankı ilə Qazaxıstan Respublikasının Milli Bankı arasında hesablasmaların təskili haqqında saziş və digər sazişlər imzalanıb. 1996-cı ilin oktyabrında Türkdilli ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşü zamanı da iki dövlət başçısı arasında danışıqlar olmuşdur. 1997-ci mayın 13-14-də İqitisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən görüşü zamanı isə Nursultan Nazarbayev Heydər Əliyevi Qazaxıstana rəsmi səfərə dəvət etmişdir.
Prezident İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərini 2004-cü il martında edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə Bakı-Tbilisi-Ceyhan layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. O da qeyd olunub ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə tutulur. İlham Əliyevin bu səfərindən sonra Azərbaycanla Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam etmişdir. 2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Səfərin zamanı ölkələr arasındakı münasibətlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaslıq və muttəfiqlik munasibətləri haqqında Muqavilə də daxil olmaqla 6 sənəd imzalanmışdır. 2006-cı il iyunun 6-da isə Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfər edib. Səfərin əsas nəticəsi isə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilənin imzalanması olub.
Azərbaycan-Qazaxıstanla münasibətləri həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq formatında qurulub. 2006-cı il noyabrın 17-də Prezident İlham Əliyev Antalyada, Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşündə və Xəzəryanı dövlət başçılarının 2007-ci il oktyabrın 16-da Tehranda keçirilən görüşü çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür. 2007-ci il avqustun 7-də Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfər etmişdir. Səfər zamanı Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə, Qazaxıstanın baş naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirilmişdir. Səfər dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Birgə Bəyanatı, Azərbaycanla Qazaxıstan arasında ticarət və televiziya sahəsində əməkdaşlığa dair sənədlər imzalanmışdır.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir. 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu “Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi” imzalanmışdır. Ölkələr İƏT çərçivəsində də fəal əməkdaşlıq edirlər. 2010-cu ilin I rübündə Azərbaycanın Qazaxıstanla ticarət əlaqələri göstərilən kimi olub ( min ABŞ dolları). İdxal 43 653,3, ixrac 119 424,2, xarici ticarət saldosu 75 770,9. 2008-ci il (yanvar-oktyabr) aylarında isə belə olub. İdxal 187.9, ixrac 276.7, ticarət saldosu 88.8. Prezident İ.Əliyevin 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə iki ölkə arasında qarşılıqlı ticarətdə müsbət dinamikaya toxunaraq qeyd edirdi ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım isə Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturununsistemli modernləşdirilməsi ilə bağlıdır.
Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi ötən il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib. Prezident İ.Əliyevin 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı imzalanmış sazişə də toxunaraq, Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və.s yenilənməsi üzrə həyata keçirilən tədbirlərin Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcəyini isə xüsusilə qeyd etmişdir.
Azərbaycan və Qazax xalqları tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün mədəni əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Hər iki xalq müstəqillik əldə etdikdən sonar bu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın ağır illərində onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən qüdrətli şairlərindən olan Oljas Süleymanovun məşhur “Az-Ya” kitabı, şeirləri və məqalələri 1980-cı illərdən Azərbaycanda nəşr olunmağa başlayıb. Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. 2022-2023-cü tədris ilinin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” fəaliyyət göstərir.
Prezident İ.Əliyevin 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildiyini vurğulamış, bu cür tədbirlərin xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirdiyini və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə böyük töhfə verdiyini xüsusilə vurğulamışdır. Azərbaycanla Qazaxıstanın Xəzərin statusu və digər məsələlərdə birgə siyasət nümayiş etdirməsi ölkələrin diplomatik arenadakı səylərini də xeyli yaxınlaşdırmışdır. Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekolohji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri də dayazlaşma – həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. Prezident İ.Əliyevin 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə bu məsələyədə toxunaraq 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə bu məsələni qaldırdığını bildirmiş, o vaxtdan bəri vəziyyətin ancaq pisləşdiyini, Xəzərdə suyun səviyyəsinin sürətlə aşağı düşdüyünü və bunun səbəblərinin təkcə iqlim dəyişiklikləri ilə bağlı olmadığını söyləmişdir. Prezident İ.Əliyev yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamağın çox vacib olduğunu xüsusi vurğulamışdır.
Əsədova Əminə
Xəzər rayonu, 92 №li tam orta məktəbin Tarix müəllimi