
Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilmiş lokal antiterror əməliyyatı oldu. Bu əməliyyat separatizmin sonu, dövlət suverenliyinin tam bərpası və yeni reallıqların başlanğıcı idi.
44 günlük Vətən müharibəsindən sonra Qarabağda qalan qanunsuz silahlı dəstələr bölgədə gərginlik ocaqları yaradırdı. Azərbaycan hərbçilərinin minaya düşməsi, təxribatların davam etməsi artıq səbrin tükəndiyini göstərirdi.
19 sentyabrda Ordumuz dəqiq və peşəkar hərbi zərbələrlə əməliyyata başladı. Məqsəd separatçı qüvvələri zərərsizləşdirmək və konstitusion quruluşu bərpa etmək idi. Əməliyyat yalnız hərbi obyektlərə qarşı aparıldı, mülki əhalinin təhlükəsizliyi qorundu.
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, Qarabağda illərlə davam edən separatizmə son qoyuldu.
Bu qələbə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin etdi. Eyni zamanda, bölgədə yaşayan erməni sakinlərin reinteqrasiyası üçün yeni imkanlar açıldı, sabitlik və inkişaf dövrünə start verildi.
Əməliyyat zamanı 192 igidimiz şəhid oldu. Onların qəhrəmanlığı bu zəfərin ən ali qiyməti, xalqımız üçün əbədi fəxarət mənbəyidir.
19–20 sentyabr əməliyyatı yalnız hərbi nəticə deyil, həm də siyasi, mənəvi və tarixi zəfər kimi yaddaşlarda qalacaq. Azərbaycan xalqı bir daha göstərdi ki, birlik və qətiyyət qarşısında heç bir güc dayana bilməz.
Həsənova Səbinə
YAP-ın fəalı