AnalitikaGündəmSiyasət

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur

Bu gün doğma Azərbaycanımızda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.Bildiyimiz kimi Azərbaycan xalqının müasir tarixi, müstəqillik yolunda keçdiyi çətin sınaqlar və milli azadlıq uğrunda mübarizəsi ilə zəngindir. XX əsrin sonlarında Qarabağ bölgəsinin işğalı xalqımız üçün ağır bir faciəyə çevrildi. On minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, Xocalı soyqırımı isə bütün bəşəriyyətə insanlıq əleyhinə cinayət nümunəsi kimi tarixə düşdü. Lakin bütün bu itkilərə və sınaqlara baxmayaraq, Azərbaycan xalqı heç vaxt öz torpaqlarından, tarixi ədalətə olan inamından vaz keçmədi.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və onun nəticəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın haqq səsini dünyaya çatdırdı, işğalın 30 ilə yaxın davam edən kabusunu sona çatdırdı. Bu zəfərin davamı olaraq 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri də tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Qarabağ bölgəsinin hər guşəsində dövlət suverenliyi bərpa olundu.

Məhz bu tarixi qələbəni əbədiləşdirmək üçün Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmağa başlandı. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həm,Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılmasının,həm də, xalqımızın uzun illər dözdüyü işğal ağrılarının geridə qalmasının, mübarizənin qələbə ilə nəticələnməsinin və yeni həyat mərhələsinin başlanmasının simvoludur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi,Xocalı,Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.Prezident cənab İlham Əliye çıxışında bildirmişdir:

“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

Bu mühüm hadisədən sonra 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən zəfərinin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Paradda çıxış edən ali baş komandan İlham Əliyev böyük fəxr hissi ilə qeyd etmişdir:

“Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”

Bu tədbirlərlə yanaşı,bölgənin təhsil siyasətinə dair tədbirlər həyata keçirildi.Belə ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır.Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.

Digər bir mühüm tədbir isə bölgənin ərazi bölgüsü idi. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılması olmuşdur.

30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyunu dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü idi. Futboluda bir mübarizə kimi düşünsək,Prezident İlham Əliyev keçirilən görüşü rəsmi şəkildə özü başlatması və davamında  izləməsi Erməni qapısına sinvolik “Qol” idi.

Nəticə etibari ilə deyə bilərik ki,20 Sentyabr yalnız işğaldan azad olunmuş şəhərlərin günü deyil, həm də Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi və hərbi qüdrətinin, şəhidlərimizin müqəddəs xatirəsinin təntənəsidir. Bu gün bizə xatırladır ki, heç bir haqq səsi əbədi susdurula bilməz, heç bir işğalçı qüvvə bir xalqın iradəsini sındıra bilməz. Əgər 30 il ərzində bu torpaqlar həsrət və nisgil mənbəyi idisə, indi artıq qürur və inam mənbəyinə çevrilmişdir.Dövlətimizin həyata keçirdiyi quruculuq və bərpa işləri,Qarabağ Universitetinin yaradılması, ilk futbol oyunlarının təşkili bu torpaqlara həyatın qayıtdığını göstərir.

Bu gün həm də gələcəyə bir çağırışdır: xalqımızın əldə etdiyi Zəfəri qorumaq, azad olunmuş torpaqlarda abadlıq və rifah yaratmaq hər birimizin borcudur.Qarabağ və Şərqi Zəngəzurda başlayan yeni dövr Azərbaycan dövlətçiliyinin tarixi inkişafının davamı,güclü gələcəyin möhkəm təməlidir.

 

Abdullalı Sənan
Xəzər rayonu, 292 №li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button