AnalitikaGündəmSiyasət

Qarabağda 19 sentyabr hadisələri Azərbaycanın qətiyyətini və dövlət maraqlarını qoruma iradəsini bir daha nümayiş etdirdi

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr ölkənin son illərdə qazandığı strateji üstünlüklərin qorunması baxımından mühüm dönüm nöqtəsi oldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı dəstələr Azərbaycanın suverenliyinə qarşı genişmiqyaslı hərbi təxribatlara əl ataraq bölgədə sabitliyi pozmağa çalışdılar. Bu hücumların mahiyyəti, səbəbləri və doğurduğu nəticələr həm daxili təhlükəsizlik, həm də regional sülh prosesinin gedişi baxımından ciddi əhəmiyyət kəsb edir.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, 19 sentyabr səhər saatlarından etibarən Ermənistan silahlı birləşmələri müxtəlif istiqamətlərdə mövqelərimizə intensiv atəş açmağa başlamışdır. Ağır artilleriya, minaatanlar və digər iriçaplı silahlarla aparılan atəşlər nəticəsində həm hərbi, həm də mülki infrastruktur zərər görmüşdür. Füzuli, Şuşa və Xocavənd ətrafındakı yaşayış məntəqələrinin hədəfə alınması, mülki əhalinin həyatına təhlükə yaratması hadisələrin terror xarakterini bir daha sübut etdi.

Bu təxribatlar təsadüfi deyil, uzunmüddətli planların tərkib hissəsi idi. Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etməmiş, əksinə, bölgədəki hərbi mövcudluğunu artırmağa davam etmişdi. Yeni istehkamların qurulması, silah-sursatın daşınması və canlı qüvvənin yerləşdirilməsi 19 sentyabr hücumlarının əvvəlcədən hazırlanmış olduğunu göstərir. Məqsəd bölgədəki separatçı rejimin mövcudluğunu qorumaq və Azərbaycanı yeni qarşıdurmaya çəkmək idi.

Baş verən hücumlar fonunda Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın əsas prinsipi mülki əhaliyə zərər vermədən yalnız qanunsuz silahlı birləşmələrin hərbi infrastrukturunu sıradan çıxarmaq idi. Düşmənin artilleriya mövqeləri, rabitə məntəqələri, döyüş texnikası və sığınacaqları dəqiqliklə zərərsizləşdirildi. Qısa müddətdə separatçı qüvvələrin müqaviməti qırıldı və onlar təslim olmağa məcbur oldular.

Azərbaycan ordusunun bu peşəkar və sürətli cavabı bir daha göstərdi ki, dövlət öz ərazi bütövlüyünü təmin etməkdə qətiyyətlidir. Ən əsası isə, əməliyyat zamanı dinc əhalinin təhlükəsizliyi təmin edildi, humanitar dəhlizlər açıldı və mülki şəxslərin zərər görməsinin qarşısı alındı.

19 sentyabr hadisələri nəticəsində Qarabağda qanunsuz silahlı dəstələrin hərbi potensialı tamamilə məhv edildi. Separatçı rejim öz mövcudluğunu davam etdirmək iqtidarında olmadığını anlayaraq qısa müddət sonra ləğvini elan etdi. Beləliklə, Azərbaycanın dövlət suverenliyinin bərpası istiqamətində ən mühüm mərhələ başa çatdı.

Bu hadisələr həm də beynəlxalq müstəvidə diqqət mərkəzinə çevrildi. Azərbaycan tərəfi əməliyyatın beynəlxalq hüquqa tam uyğun olduğunu, məqsədin isə yalnız ölkənin suverenliyini qorumaq və bölgədə yaşayan bütün vətəndaşların təhlükəsizliyini təmin etmək olduğunu bəyan etdi. Dünya ictimaiyyəti baş verənləri müxtəlif rakurslardan qiymətləndirsə də, ümumi fikir ondan ibarət idi ki, bölgədə davamlı sülhün təməli yalnız real faktları nəzərə almaqla qoyula bilər.

Qarabağda 19 sentyabr hadisələri Azərbaycanın qətiyyətini və dövlət maraqlarını qoruma iradəsini bir daha nümayiş etdirdi. Bu təxribatlar Azərbaycanın sülhə sadiqliyinə baxmayaraq, Ermənistanın destruktiv mövqeyinin davam etdiyini göstərdi. Lakin nəticə etibarilə, antiterror tədbirləri ilə ölkənin suverenliyi tam təmin edildi və Qarabağda yeni reallıqlar formalaşdı. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan bölgədə sülhün və sabitliyin yeganə qarantıdır.

Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button