AnalitikaGündəmOrdu

İmzalanmış kapitulyasiya aktı Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror əməliyyatı nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edilmişdir. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Separatçıların Qarabağda qeyri – qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırıldı:

  1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
  2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3.Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

Dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror əməliyyatından sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi zəfərin şərəfinə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamış və hər il antiterror əməliyyatının həyata keçirildiyi 20 sentyabr tarixi “Suverenlik günü” kimi qeyd edilir. Təsadüfi deyil ki, İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili” olaraq elan edilmiş və Respublika ərazisində bu münasibətlə geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. İnanıram ki, Azərbaycan və Ermənistan Respublikalarının son müddətdə siyasi arenada yaxınlaşması, qarşılıqlı anlaşma şəraitində danışıqlar aparması və ən əsas 8 avqust 2025-ci ildə Azərbaycan-Ermənistan sülh müqaviləsinin paraflanması bu suverenliyin və sabitliyin daimi qılacaq.

Xəzər rayonu, Zirə qəsəbəsi Z.Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi
Dadaş-zadə Emiliya

Oxşar Xəbərlər

Back to top button