AnalitikaGündəmSiyasət

2025-ci il-Konstitusiya və Suverenlik ili: Dövlətçilik tariximizin parlaq səhifəsi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik” ili elan edilib. Prezident İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasının Dövlət Suverenliyi günü və Xankəndi, Xocalı, Xocavənd,Ağdərə şəhər günləri kimi qeyd edilməsi haqqında fərman verib. 2025-ci il Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü, 44 günlük Vətən müharibəsinin isə 5-ci ildönümüdür.

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik” ili elan etməsi, əslində, yalnız bir tarixi hadisənin qeyd olunması deyil, həm də müasir dövlətimizin gələcək inkişaf yoluna verilmiş strateji mesajdır. Prezidentin imzaladığı sərəncam bir sıra məqsədləri özündə birləşdirir:

  1. Konstitusiyanın 30 illiyinin qeyd edilməsi.
  2. Milli suverenliyin möhkəmləndirilməsi.
  3. Vətəndaşlar arasında Konstitusiya biliklərinin artırılması.
  4. Milli həmrəyliyin gücləndirilməsi .

Hər bir xalqın tarixində öz müstəqilliyini, suverenliyini qorumaq uğrunda apardığı mübarizələrlə dolu şanlı səhifələr vardır. Çünki bir xalqın müstəqilliyi, suverenliyi onun ən böyük sərvətlərindəndir. Azərbaycan xalqı da bu müstəqilliyi əldə etmək üçün, qorumaq üçün əsrlər boyu çox böyük fədakarlıq göstərmiş, bir çox sınaqlardan keçmişdir. Bu müstəqilliyi biz qəhrəman oğullarımızın qanı, canı bahasına əldə etmişik.  Müsəlman Şərqində ilk parlamentli respublika olmuş Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci ildə yaradılmış ancaq təəssüf ki, uzun bir dövr mövcud ola bilməmişdir. Buna baxmayaraq Cumhuriyyətimizin yaradılması bir daha sübut etdi ki, Azərbaycan xalqı öz azadlığı, suverenliyi uğrunda daim mübarizə aparır. 23 ay sonra Cumhuriyyətimiz bolşevik Rusiyasının hakimiyyəti altına düşdü. 70 il böyük bir imperiyanın tərkibində olması yenə də Azəbaycan xalqında azadlığa, suverenliyə olan inamı qıra bilmədi. Tarixin pozulmaz qanunu burada da özünü göstərdi. Zorla yaradılan, zülmə əsaslanan hər şey gec-tez çökür.

Nəhayət, 70 il sonra 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycan xalqının tarixində yeni bir səhifə açıldı. Oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında müstəqil respublikanın yeni konstitusiyasının hazırlanması nəzərdə tutulmuşdu. Müstəqil Azərbaycan Respublikasında 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində böyük rol oynadı. Və bundan sonra yeni konstitusiyanın hazırlanması məsələsinə diqqət artırıldı.

1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın sədri ümummilli lider Heydər Əliyev idi. Və nəhayət 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycan Respublikasının Kostitusiyası qəbul edildi. Konstitusiya yalnız qanunların toplusu deyil, həm də xalqın milli iradəsinin yazılı ifadəsidir. Hal-hazırda həmin konsitusiyanın qəbulundan 30 il ötür.

Son dövrlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizə tariximizin ən şanlı səhifələrindəndir. 2020-ci ildə 44 günlük müharibə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilmişdir. 2023-cü il 19-20 sentyabr tarixlərində rəşadətli Azərbaycan ordusunun həyata keçirdiyi bir günlük antiterror əməliyyatları nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu. 44 günlük müharibədə, antiterror əməliyyatlarında əldə edilən zəfər sayəsində bu gün Azərbaycan Respublikasının dövlət bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bu qələbələr nəticəsində Konstitusiyamız yalnız kağız üzərində deyil, ölkənin hər qarışında real həyat qanununa çevrildi. Beləliklə, bu il hər bir Azərbaycan vətəndaşı üçün həm tarixi, həm də mənəvi əhəmiyyət daşıyır. Hüququn və suverenliyin əhəmiyyətini bir daha sübut edir.

Xəzər rayonu, 181 nömrəli məktəbin tarix müəllimi 

Mustafazadə Gülnar

 

Oxşar Xəbərlər

Back to top button