AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Azərbaycanın strateji baxışı regional siyasi arxitekturanın gələcəyini müəyyənləşdirir

“2025-ci il avqustun 22-də Türkmənistanın Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli Zirvə görüşü keçirilib. Görüşün yekunlarına dair Prezident İlham Əliyevin səsləndirdiyi bəyanat regionda yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Bu bəyanat həm qardaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi, həm də strateji maraqların ortaq platformada birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev çıxışında Türkmənistanda müşahidə olunan inkişafı yüksək qiymətləndirərək ölkənin “etibarlı əllərdə” olduğunu qeyd edib. Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə sənədin imzalanması isə sadəcə şəhərlərarası əməkdaşlıq deyil, iki xalq arasında əsrlərdən bəri davam edən qardaşlıq münasibətlərinin siyasi müstəvidə yenidən təsdiqi kimi çıxış edir. Bu yanaşma göstərir ki, Azərbaycan və Türkmənistan təkcə iqtisadi tərəfdaş deyil, həm də ortaq tarixi-mədəni dəyərlər əsasında inteqrasiya edən dövlətlərdir. Eyni zamanda Azərbaycan və Türkmənistan liderlərinin son aylarda intensiv dialoqu, Bakı və Qarabağda keçirilən görüşlər siyasi mövqelərin tam şəkildə uzlaşdığını nümayiş etdirir. Bu, gələcəkdə regiondaxili münaqişələrin və problemlərin dialoq yolu ilə həllində mühüm platforma rolunu oynaya bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər ikitərəfli əməkdaşlıqla kifayətlənməyərək, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirmək niyyətindədirlər.

O əlavə edib ki, Türkmənistanın Qarabağda məscid inşa etməsi Azərbaycanın ərazi bütövlüyünə verilən siyasi dəstəyin, eyni zamanda, türkmən xalqının mənəvi həmrəyliyinin təcəssümüdür. Avaza bəyanatında bu məqamın xüsusi vurğulanması, dini və mədəni dəyərlərin regional əməkdaşlığın sütunlarından birinə çevrilə biləcəyini göstərir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Avaza bəyanatı göstərir ki, üçtərəfli əməkdaşlıq strateji reallıqdır. Bu model həm siyasi sabitliyin möhkəmləndirilməsi, həm də regionun geoiqtisadi xəritəsində yeni inteqrasiya mərkəzinin yaradılması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Avaza görüşü təkcə imzalanan sənədlərlə deyil, həm də regionun gələcək siyasi arxitekturasını müəyyən edən strateji mesajlarla yadda qaldı. Bu isə Azərbaycan diplomatiyasının təşəbbüskar və aparıcı rolunu bir daha təsdiqlədi.

Oxşar Xəbərlər

Back to top button