AnalitikaGündəmSosial

Dilimizin zənginliyi, rəngarəngliyi xalqımızın qüdrətinin simvoluna çevrilib

Ana dili xalqın mübarizə əzmini, min illərin sınağından çıxan cəsarətini ortaya qoymağın ən bariz nümunəsidir. Tariximizə nəzər saldıqda görürük ki, tarixi sınaqlarımız heç də asan olmayıb. Strateji əhəmiyyətli yerdə yerləşən ölkəmiz hər zaman işğalçı dövlətlərin diqqətini çəkib. Beləcə, zaman-zaman işğala məruz qalarkən milli kimliyimizə, adət-ənənələrimizə, ana dilimizə qarşı təcavüzlərə məruz qalmışıq.

Lakin sınaqlar nə qədər çətin olubsa, mübarizə əzmimiz də bir o qədər güclü olub. Biz dilimizə, adət-ənənələrimizə, milli kimliyimizə sahib çıxmağı bacarmışıq. Zaman-zaman ana dilinin inkişafında süni maneələrlə qarşılaşmışıq.

SSRİ tərkibinə qatıldıqdan sonra bu proses daha da sürətlənmişdi. 1970-ci illərin ortalarından etibarən SSRİ-də dil məsələsi yenidən gündəmə gəlmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri belə bu məsələni gündəmə gətirməkdən çəkinirdilər.

Bu sahədə Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi mühüm rol oynadı. O, dövlət dili uğrunda ardıcıl mübarizə apararaq dilimizin qorunmasına böyük töhfə verdi. Bütün məhdudiyyətlərə baxmayaraq, Ulu Öndər ana dili məsələsində hər zaman qətiyyətli oldu. Ziyalıları və xalqı birləşdirərək, dövlət dili uğrunda mübarizəyə cəlb etdi.

SSRİ Konstitusiyası haqqında danışarkən Ulu Öndər bildirmişdi ki, konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu, ana dilində oxumaq imkanı ilə təmin olunur. Müstəqilliyin əsas şərtlərindən biri də dövlət dilinin olmasıdır. Heydər Əliyevin bu sahədəki rolu əvəzsizdir.

1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının layihəsi müzakirə edilərkən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddədə “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” ifadəsi öz əksini tapdı. Bu, mühüm və cəsarətli addım idi.

Heydər Əliyev çıxışlarında Azərbaycan dilini yüksək qiymətləndirib. O, deyirdi: “Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Hər bir gənc öz ana dilini – Azərbaycan dilini – incəliklərinə qədər bilməli və ondan istifadə etməlidir.”

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması təsdiqləndi. Bu, xalqın istəyi və iradəsi ilə baş verdi.

2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu sahədə mühüm mərhələ oldu. Bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il 9 avqust tarixində imzalanmış Fərmana əsasən hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu da ana dilimizin inkişafı və qorunması istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu qanun Azərbaycan dilinin hüquqi statusunu müəyyən etdi və onun qorunması, inkişafı üçün əsas yaradıldı.

Prezident İlham Əliyev də ana dilimizə daim qayğı göstərir. O, çıxışlarında Azərbaycan dilinin zənginliyini və qorunmasının vacibliyini tez-tez vurğulayır. Media qurumlarına, televiziya kanallarına bu sahədə böyük məsuliyyət düşdüyünü qeyd edir.

Ümummilli Liderin dəfələrlə dediyi kimi, Azərbaycan dili türk dilləri ailəsində xüsusi mövqeyə malikdir və onun saflığı qorunmalıdır. Bugünkü nəsil ana dilindən qürurla danışa bilir. Dilimiz xalqımızın kimliyini, tarixini və gücünü əks etdirir.

Mənzər Ağabəyova
Yeni Azərbaycan Partiyasının fəalı   

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button