
2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm addım oldu. Bu səfər zamanı Prezident İlham Əliyevin söylədiyi fikirlər – xüsusilə də “Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik” bəyanatı – təkcə diplomatik jest deyil, eyni zamanda dərin dostluq və strateji tərəfdaşlıq münasibətlərinin göstəricisidir.
Son illərdə Özbəkistan sürətli dəyişikliklər və islahatlarla diqqət mərkəzindədir. Şavkat Mirziyoyevin rəhbərliyi altında ölkədə idarəçilik sistemi yenilənib, iqtisadiyyat liberallaşdırılıb, xarici investisiyalar üçün əlverişli şərait yaradılıb, insan hüquqları və sosial sahələrdə ciddi addımlar atılıb. Azərbaycan bu inkişaf prosesini böyük rəğbətlə izləyir, çünki bu nailiyyətlər təkcə Özbəkistan üçün deyil, bütövlükdə türk dünyası üçün də uğur nümunəsidir.
Prezident İlham Əliyevin bu fikri eyni zamanda iki ölkə arasındakı ortaq dəyərlərə, mədəni irsə və strateji maraqlara əsaslanan əlaqələrin dərinliyini göstərir. Azərbaycan və Özbəkistan tarixən bir-birinə yaxın olmuş, ortaq mədəni köklər, din və dil birliyi bu münasibətlərin əsasında dayanmışdır. Bu gün isə bu əlaqələr müasir çağırışlara uyğun olaraq siyasi, iqtisadi və texnoloji sahələrdə daha da güclənir.
Mirziyoyevin səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və müzakirə olunan layihələr iki ölkə arasında əməkdaşlığın yalnız bu günə deyil, gələcəyə hesablandığını sübut edir. Azərbaycan və Özbəkistan artıq regional sabitlik və inkişafın aparıcı qüvvələri kimi çıxış edir və bu səfər də bu rolu daha da gücləndirəcək.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Özbəkistandakı islahatların uğurla icra olunması Azərbaycan üçün həm dost ölkənin nailiyyəti, həm də ortaq inkişafın təməl daşıdır. Bu baxımdan, Bakıda keçirilən görüşlər yalnız diplomatik prosedur deyil, həm də qardaş xalqların gələcək rifahına atılan əmin addımdır.
Siyasət Həsənov
YAP Xəzər rayon təşkilatının məsləhətçisi