AnalitikaGündəmOrdu

26 İyun – Silahlı Qüvvələr Günü təkcə ordu bayramı deyil, həm də müstəqilliyin keşiyində duran xalq ordusunun bayramıdır

Azərbaycan Respublikasının müasir tarixində 26 İyun – Silahlı Qüvvələr Günü təkcə təqvimdə bir tarix deyil, həm də gücün, iradənin, müstəqilliyin və suverenliyin simvoludur. Bu gün Azərbaycanın ordu quruculuğunda keçdiyi şərəfli yolu, dövlət başçılarının bu istiqamətdə apardığı uzaqgörən siyasəti və əldə olunan möhtəşəm nailiyyətləri təcəssüm etdirir.

Silahlı Qüvvələrimizin rəsmi yaranma tarixi olaraq 1918-ci il iyunun 26-sı – Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissələrin təşkil edildiyi gün qəbul edilir. Lakin sovet işğalı bu müstəqil hərbi quruculuğu yarımçıq qoydu. Yalnız 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan ordusunun yenidən dirçəliş prosesi başlandı.

Əfsus ki, 1990-cı illərin əvvəlində ölkədəki siyasi qarşıdurma və idarəolunmazlıq ordunun formalaşmasına ciddi maneə törətdi. Bu dövrün xaotik ab-havasında ordu sistemsiz, koordinasiyasız və hazırlıqsız bir quruma çevrilmişdi. Ermənistanın hərbi təcavüzü qarşısında ölkənin müdafiəsi ciddi risk altında idi.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev dövlətçiliyin əsas sütunlarından biri kimi milli ordunun gücləndirilməsini prioritet məsələyə çevirdi. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrin strukturlaşdırılması, vahid komandanlıq sisteminin yaradılması, zabit kadrlarının yetişdirilməsi və hərbi hissələrin döyüş qabiliyyətinin artırılması istiqamətində köklü islahatlara start verildi.

Heydər Əliyevin imzaladığı fərmanla 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan olundu. Bu qərar həm tarixi varislik prinsipinin bərpası, həm də müstəqil dövlətin orduya verdiyi önəmin hüquqi-siyasi təcəssümü idi.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu qüdrət, maddi-texniki baza, döyüş hazırlığı və beynəlxalq nüfuz Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl hərbi-strateji siyasətinin nəticəsidir. Ölkə başçısı ordu quruculuğunu hər zaman milli təhlükəsizliyin və dövlət maraqlarının təmin olunmasının əsas dayağı kimi qiymətləndirib. İlham Əliyevin rəhbərliyi ilə:

Silahlı Qüvvələrin büdcəsi dəfələrlə artırılıb; Türkiyə, İsrail, Pakistan və digər ölkələrlə hərbi əməkdaşlıq dərinləşdirilib; Hərbi sənaye kompleksinin inkişafı təmin olunub, yerli silah və sursat istehsalına start verilib; Ən müasir texnologiyalar – pilotsuz uçuş aparatları, raket sistemləri və elektron kəşfiyyat vasitələri ordunun arsenalına daxil edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə dünyaya milli gücümüzü və xalq-ordu birliyini nümayiş etdirdi.

Hazırda Azərbaycan Ordusu regional güc mərkəzi, NATO ilə əməkdaşlıq edən və beynəlxalq sülhməramlı missiyalarda iştirak edən peşəkar və müasir bir qurumdur. Ali Baş Komandanın tapşırığı ilə 2023-cü ildən etibarən daha geniş peşəkar ordu sisteminə keçid prosesi sürətlənmişdir.

Eyni zamanda Qarabağda anti-terror tədbirlərinin müvəffəqiyyətlə icra edilməsi və Azərbaycanın bütün ərazilərində konstitusion quruluşun tam bərpa olunması Silahlı Qüvvələrimizin yüksək hazırlığını və strateji çevikliyin sübutudur.

26 İyun – Silahlı Qüvvələr Günü təkcə ordu bayramı deyil, həm də müstəqilliyin keşiyində duran xalq ordusunun bayramıdır. Bu gün bir daha sübut edir ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi, İlham Əliyevin qətiyyəti və Azərbaycan xalqının iradəsi bu orduya qələbə və güc qazandırmışdır.

Bugünkü müstəqil Azərbaycan – Müzəffər Azərbaycan Ordusunun arxasında dayanır.

Vahid Komandanlıq – Möhkəm İradə – Dəmir Yumruq: Bu, müasir Azərbaycan Silahlı Qüvvələrinin simvoludur.

Murad Zeynalov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button