
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hakimiyyəti dövründə ölkənin müdafiə qabiliyyətinin artırılması və ordu quruculuğu məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə ordu quruculuğu sahəsində ciddi çətinliklər mövcud olsa da, Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu sahədə köklü və sistemli islahatlara start verildi.
Prezident İlham Əliyev hər zaman bəyan edib ki, güclü ordu olmadan güclü dövlət qurmaq mümkün deyil. Ona görə də, 2003-cü ildən etibarən ordu quruculuğu istiqamətində atılan addımlar ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildi. Bu müddət ərzində Azərbaycan Ordusu maddi-texniki bazasına, hərbi texnikasına, insan resurslarına və döyüş qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü silahlı qüvvələrinə çevrildi.
Azərbaycan Ordusunun gücləndirilməsi üçün ayrılan dövlət büdcəsi ildən-ilə artırıldı, orduya ən müasir silah və texnikalar alındı. Türkiyə, İsrail, Rusiya və digər ölkələrlə hərbi əməkdaşlıqlar çərçivəsində ordu modernləşdirildi. Xüsusilə pilotsuz uçuş aparatları (PUA) və müasir artilleriya sistemləri Azərbaycan Ordusunun döyüş qabiliyyətini keyfiyyətcə yeni mərhələyə çıxardı. Azərbaycanın yerli müdafiə sənayesi də formalaşdırıldı və genişləndirildi. Bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif silah-sursat və texnika istehsal olunur.
Ordu quruculuğunun yalnız texniki baxımdan deyil, həm də ideoloji və mənəvi tərəfləri də gücləndirildi. Azərbaycan əsgəri Vətənə, dövlətə və Ali Baş Komandana sədaqətlə xidmət edir. Azərbaycan xalqı və dövləti hər zaman ordunun yanında olub və onun gücləndirilməsi üçün bütün imkanlardan istifadə edilib.
Bu siyasətin nəticələri öz təsdiqini 2016-cı ilin Aprel döyüşlərində və xüsusilə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində tapdı. Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqları azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən Müharibəsində qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin 17 illik ordu quruculuğu siyasətinin nəticəsi idi. İlham Əliyevin həm diplomatik, həm hərbi sahədə apardığı uzaqgörən siyasət Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da artırdı.
44 günlük Vətən Müharibəsi həm də Azərbaycan Ordusunun peşəkarlığını və döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonra isə ordu quruculuğu prosesi dayanmadı, əksinə daha da sürətləndi. Xüsusilə azad olunmuş ərazilərdə yeni hərbi hissələr, hərbi şəhərciklər tikildi, sərhəd mühafizə sistemi daha da gücləndirildi.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan Ordusu hər an istənilən vəzifəni yerinə yetirməyə hazırdır. Bu inamın əsasında 20 ildən çox davam edən məqsədyönlü, ardıcıl və milli maraqlara əsaslanan siyasət dayanır.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri olmaqla yanaşı, həm də Azərbaycan dövlətçiliyinin və xalqının qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi gələcəkdə də uğurla davam edəcək və ölkəmizin təhlükəsizliyinin təminatçısı olacaqdır.
Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi