
2021-ci il 15 iyun tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Şuşa şəhərində imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə, iki ölkə arasında mövcud olan çoxşaxəli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu sənəd sadəcə siyasi bəyanat deyil, hüquqi baxımdan dövlətlərarası əlaqələrin strukturlaşmasına xidmət edən strateji yol xəritəsidir.
Şuşa Bəyannaməsi hərbi əməkdaşlıqdan tutmuş iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, təhsil və informasiya sahələrinə qədər geniş spektri əhatə edir. Sənədin ən mühüm cəhətlərindən biri, iki ölkə arasında kollektiv təhlükəsizlik yanaşmasının rəsmiləşdirilməsidir. Bəyannamədə bir ölkəyə qarşı yönəlmiş təhdid və təhlükənin digərinə də aid olduğu qeyd edilir ki, bu da klassik müttəfiqlik anlayışının müasir şəraitdə tətbiqidir.
İqtisadi müstəvidə, Zəngəzur dəhlizi kimi layihələrin prioritet elan olunması, Azərbaycan və Türkiyənin regiondakı tranzit və enerji imkanlarının birləşdirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilə bilər. Bu təşəbbüslər yalnız ikitərəfli iqtisadi fayda deyil, həm də Avrasiya məkanında yeni geoiqtisadi əlaqələrin yaranmasına təkan verəcək.
Bəyannamədə mədəni və mənəvi bağların inkişaf etdirilməsinə dair müddəalar da diqqətdən kənarda qalmır. Ortaq dil, tarix və dəyərlər üzərində qurulmuş münasibətlərin dərinləşdirilməsi, gələcək nəsillər üçün birgə kimlik formalaşdırılmasına zəmin yaradır. Təhsil, media və gənclər siyasəti sahəsində əməkdaşlıq mexanizmləri uzunmüddətli sabitliyin sosial bazasını möhkəmləndirəcək əsas amillərdəndir.
Bütün bunlar onu göstərir ki, Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin tarixi mərhələsi deyil, həm də Cənubi Qafqazda sabitlik və inkişaf üçün formalaşan yeni nizamın açar sənədlərindən biridir. Bu müttəfiqlik modeli, bölgədə tərəfdaşlığa əsaslanan, qarşılıqlı hörmət və ortaq maraqlarla idarə olunan münasibətlər sisteminin mümkünlüyünü praktik müstəvidə sübut edir.
Nərgiz Mütəllimova
YAP Yasamal rayon təşkilatının fəal gənci