AnalitikaGündəmSiyasət

Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun yaratdığı reallıqlar nəticəsində Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi imkanlara malik ölkə kimi tanınır.

Bildiyimiz kimi 20 may 2025 – ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan – Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.

Ötən dövrdə iki ölkə arasında imzalanan 50 sənəd, xüsusilə 2014-cü ildə imzalanan Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb.  Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. Siyasi sahədə yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın təməl sütunlarını təşkil edir.

Tərəflər arasında imzalanmış bu Bəyannamə, ümumilikdə, Azərbaycan-Macarıstan əlaqələrinin daha da strateji və institusional xarakter almasının göstəricisidir.

Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir. “Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq”,-deyə dövlətimizin başçısı vurğulayıb.

Daha sonra Prezident vurğuladı ki, Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq.

Bu səfər çərçivəsində ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button