AnalitikaGündəmSiyasət

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli dövlətlər arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş nüfuzlu beynəlxalq qurumdur. Azərbaycan bu təşkilatın təsisçilərindən biri kimi onun inkişafına mühüm töhfələr vermiş, türkdilli ölkələr arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində aparıcı rol oynamışdır. Müasir dövrdə Türk dünyası ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Bu çərçivədə TDT ilə münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ortaq dəyərlərin təşviqi dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir.

TDT-nin əsası 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə toplantısında qoyulmuşdur. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təşkilatın təsisçi üzvləridir. Sonradan Özbəkistan və Türkmənistan da bu quruma qoşulmuş, Macarıstan isə müşahidəçi statusu almışdır. Təşkilatın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarix, dil, mədəniyyət və ənənələr əsasında inteqrasiyanın gücləndirilməsidir. TDT eyni zamanda regional və qlobal miqyasda türkdilli dövlətlərin maraqlarını müdafiə edən mühüm platformaya çevrilmişdir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının formalaşmasında və inkişafında mühüm rol oynamışdır. 2009-cu ildə təşkilatın təsis edildiyi Naxçıvan Zirvə görüşünə ev sahibliyi etməsi bu istiqamətdə ilk əlamətdar hadisə olmuşdur. Prezident İlham Əliyevin strateji baxışı və ardıcıl siyasəti nəticəsində Azərbaycan TDT-nin fəaliyyətində aparıcı mövqedə olmuş, təşkilatın bir çox təşəbbüslərinə liderlik etmişdir.

Azərbaycan TDT çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmişdir. Energetika, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və humanitar sahələrdə konkret layihələr irəli sürülmüş və həyata keçirilmişdir. Xüsusilə Zəngəzur dəhlizinin açılması təşəbbüsü, Türk dünyasının fiziki olaraq birləşdirilməsi baxımından mühüm strateji layihə hesab edilir. Prezident İlham Əliyev dəfələrlə bu dəhlizin TDT ölkələrinin birliyini gücləndirəcək əsas vasitə olduğunu bəyan etmişdir.

2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən Türk Dövlətləri Təşkilatı və üzv ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləmiş, siyasi və mənəvi dəstək nümayiş etdirmişlər. Xüsusilə Türkiyə Respublikasının və digər TDT üzvlərinin beynəlxalq platformalarda verdikləri dəstək Azərbaycan-Türk birliyinin bariz nümunəsi olmuşdur.

Qarabağın azad olunmasından sonra Prezident İlham Əliyev Türk dünyasının inteqrasiyasında Qarabağın mühüm rol oynayacağını bildirmiş, Şuşanın Türk dünyasının mədəni paytaxtı elan edilməsi isə bu istiqamətdə konkret addım olmuşdur. TDT-nin 2023-cü il üçün Şuşanı “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan etməsi Azərbaycanla təşkilat arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan TDT-nin keçirilən Zirvə görüşlərində fəal iştirak edir. Prezident İlham Əliyev bu görüşlərdə Türk dünyasının birliyinin gücləndirilməsi, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, gənclərin, qadınların, sahibkarların rolunun artırılması və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı ilə bağlı mühüm təkliflərlə çıxış edir. O, həmçinin təşkilatın institusional strukturunun təkmilləşdirilməsi və beynəlxalq arenada daha aktiv fəaliyyət göstərməsi üçün səylər göstərir.

TDT çərçivəsində Azərbaycan regionda nəqliyyat və enerji dəhlizlərinin formalaşmasında aparıcı rola malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Zəngəzur dəhlizi kimi layihələr TDT ölkələrinin inteqrasiyasını gücləndirir. Azərbaycan bu layihələr vasitəsilə türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir və regional ticarətin həcmini artırmaqla iqtisadi birlik modelini dəstəkləyir.

2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyan bu toplantıda təşkilata üzv ölkələrin liderləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi və mühüm çıxışla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan danışdı, Türk Dövlətləri Təşkilatının qlobal və regional proseslərdə artan rolunu qeyd edərək, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin və enerji sahəsində tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirdi.

Dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin – xüsusilə Zəngəzur dəhlizi, Orta Dəhliz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəqliyyat marşrutlarının Türk dünyasının geosiyasi və geoiqtisadi gücünü artırdığını diqqətə çatdırdı. O, həmçinin Azərbaycanın 2024-cü ildə Şuşada ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının Mədəniyyət Nazirlərinin görüşünü xatırladaraq, mədəni sahədə əməkdaşlığın dərinləşməsinin milli kimliyin qorunmasında mühüm rol oynadığını bildirdi.

Cənab Prezident sammitdə Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlıqdan danışaraq qeyd etmişdir: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.”

Türk Dövlətləri Təşkilatı ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu təşkilatın gücləndirilməsinə və türkdilli dövlətlərin birliyinin möhkəmlənməsinə ardıcıl şəkildə töhfə verir. Gələcəkdə də bu münasibətlərin daha da dərinləşməsi, iqtisadi, siyasi və mədəni inteqrasiyanın gücləndirilməsi gözlənilir. Türk dünyasının geosiyasi və iqtisadi güc mərkəzinə çevrilməsi yolunda Azərbaycan əhəmiyyətli rol oynamağa davam edəcəkdir.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button